” Şairlər xoşbəxt olmur… ” – Rəşad Nağı Mustafa

0
743

Şairlər xoşbəxt olmur, ola bilmir, qadası.
Dua da edə bilmir şairlərin əlləri,
Bəzən bir şeir olur bir şairin duası.

Şeirlərə sığınır unudanda Tanrını.
Hərdən yazmaq dindirir neçə ildi dinməyən
xroniki ağrını.

Ümiddən yetim olur şairlərin ürəyi.
Belə də nə qorxusu?
Ən pisi yazmamaqdır şairin gələcəyi.

Şairlər hiyləgərdi;
Gizlədir bir qadını yazdığı hər sətirdə.
Sən də diqqətlə oxu,
Bax gör tapa bilirsən özünü bu şeirdə.

Şairə yazmaq üçün nə lazımdı, qadası?
Qələm, payız, darıxmaq, sevgisizlik,
bir də ki, üstünə söz dağılmış kiçik yazı masası.

Rəşad Nağı Mustafa