“Sanki siqaret kötüyünü yerə atırsa, deməli, rayonludur, “çuşka”dır…”

0
68

“Əslində, Bəhram Bağırzadə hansısa qəbahətli fikir söyləməyib. O, ictimai qaydalara riayət etməyən insanlara etirazını bildirib. Sadəcə Bəhramın səhvi bu məsələdə ünvanı konkretləşdirməsi, onu rayondan gələnlərin üzərində fokuslaşdırmasıdır. Yəni ucadan danışan adamların kimliyini dəqiqləşdirmədən ittiham etməməliydi”.

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında keçmiş deputat, jurnalist Etibar Hüseynov deyib.

O, Əməkdar artist Bəhram Bağırzadənin açıqlması ilə başlayan mübahisəyə münasibət bildirib.

Xatırladaq ki, “YouTube”da qatıldığı bir proqramda B. Bağırzadə deyib: “Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”.

Öz növbəsində, E. Hüseynov qeyd edib ki, o adamlar hətta rayonlu olsa belə, onları ümumiləşdirmək düzgün deyil:

“Bizim cəmiyyətdə bir eybəcər daxili instinkt, şüuraltı refleks formalaşab. Sanki biri şəhərdə ucadan danışıb-gülürsə və ya siqaret kötüyünü yerə atırsa, deməli, rayonludur, “çuşka”dır. Yaxud kimsə hansısa əyalətdə şortikdə və ya qısa ətəkdə gəzirsə, deməli, “qaqaş”dır və ya şəhərlidir. Bu isə düzgün tendensiya deyil”.

Müsahibimiz vurğulayıb ki, bu gün siyasi dialoqlarda tez-tez səslənən bir fikir var:

““Pis millət yoxdur, pis insanlar var”. İctimai davranış məsələlərinə də bu aspektdən yanaşmaq lazımdır. Pis rayonlu və ya şəhərli yoxdur, tərbiyəsiz, mədəniyyətsiz fərdlər var. Bəyəm yay fəslində əyalətlərə gedən şəhərlilərin hamısımı özünü yerli adət-ənənə, qaydalara uyğun aparır?! Hansısa ucqar kəndin ortasında şortiklə və ya qısa ətəkdə gəzmək, eynilə, şəhərdə ədəbsiz davranmağa bərabər hal kimi qəbul edilir.

Bu məsələ ilə bağlı bir nüansa da diqqət çəkməyinizi istərdim. Bu halı digər məsələlərdə, başqa insanlara münasibətdə də sezmişəm. Yəni həssas məqamlarda ölkənin ziyalılarına, ağsaqqal-ağbirçəklərinə üz tutmaq əvəzinə, “hədəfdə olan” şəxsin düşmənlərinə (rəqiblərinə) və ya yaxın dostlarına müraciət edirlər. Bu da təbii ki, reytinq və “hayp” qazanmağa hesablanır.

Bu məsələdə də gedib hətta Rəşid Mahmudovdan açıqlama aldılar. İnandırım sizi ki, bəlkə Əli Mirəliyevə də üz tutacaqlar. Yəni bəzi Bəhramı sevməyən insanlar gözünü yumub, qərəzli və zərərli fikirlər paylaşır. O cümlədən  Bəhramın yaxın dostları da. Onlar Bəhramı ifrat dərəcədə birtərəfli müdafiə edir, ona bəraət qazandırmağa çalışırlar, bu da öz-özlüyündə qıcıq yaradır. Amma əslində, bu cür həssas məsələlərdə daha obyektiv və ədalətli olmalıyıq. Kiminsə dediklərinə dost və ya düşmən prizmasından yanaşmamalıyıq”.

Eks-deputat Razi Nurullayevin fikirlərinə də şərh verib:

“O ki qaldı Razi bəyin dediklərinə, burada müəyyən mənada həqiqət olsa da, fikir natamamdır, birtərəflidir. Niyə? Çünki analoji paralel aparılmayıb. Yəni bir anlığa təsəvvür edək ki, Bakının “köklü” əhalisini bir anın içində, hansısa səbəbdən (müharibə və ya təbii fəlakət) aparıb tökürlər Gədəbəyin, Daşkəsənin və ya Lerikin ucqar bir kəndinə. Onda həmin əhali ilə yerli camaat arasında uyğunlaşma üçün nə qədər vaxt lazım olacaq, fərqindəsinizmi? Onlardan da yerli camaata xas ədəb-ərkan, mədəniyyət gözləmək nə dərəcədə düzgün olardı? Bax, ona görə də bu cür məsələlərdə fikir bildirərkən paralellər aparmaq vacibdir”.

Rafi MÜSLÜMOV