Dünyadakı ərzaq böhranında Rusiya təqsirkardır.
“Terefsiz.az” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
“Bir neçə dəqiqə əvvəl Ukraynanın Baş naziri ilə telefonla danışdıq. Bir neçə saat əvvəl atılmış Rusiya raketləri Odessaya və Ukraynanın bloklanmış limanlarında olan milyonlarla ton taxılına yönəldilib. Bu, həqiqətən də dünyada milyonlarla insanın həyatı üçün böyük təhlükə yaradır.
Afrikadan yenicə qayıtdım, Afrika ölkələrinin rəhbərləri ilə görüşmək imkanım oldu, bilirlər ki, vəziyyət onlar üçün çox ağırdır və gələcəkdə daha da çətinləşə bilər. Biz aydın şəkildə başa düşməliyik ki, bu böhranda Rusiya günahkardır”, – Mişel deyib.
O, Rusiya Federasiyasına qarşı sanksiyaların bu səbəbdən qalacağını vurğulayıb. Mişel əlavə edib ki, Aİ taxıl və digər malların ixracı üçün Qara dənizin açılması qərarını alqışlayır.
Mişelin sözlərinə görə, Avropa Şurası Ukraynada hərbi cinayətlərdə iştirak edənləri məsuliyyətə cəlb edəcək.
“Biz hərbi cinayətlər törədənlərin hamısını məsuliyyətə cəlb edəcəyik. Sübutların qorunub saxlanması yaxşı haldır, çünki cəzasızlıq olmamalıdır. Biz Ukrayna və Avropa hakimiyyət orqanlarının istintaq proseslərini tam dəstəkləyirik və Rusiyanın hərbi əsirlərə qarşı mənfi münasibətini pisləyirik”, – o deyib.
Mişel onu da vurğulayıb ki, Avropa İttifaqı Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı və onun xalqını nə qədər lazımdırsa dəstəkləyəcək.
“Ukraynalılar, siz tək deyilsiniz. Biz nə qədər lazımdırsa, sizinlə çiyin-çiyinə dayanırıq, çünki heç vaxt dünyada hökm sürən qəddar qüvvə ilə razılaşmayacağıq. Siz ölkəni bərpa edəcəksiniz. Ukrayna Aİ ilə birlikdə daha da güclənəcək, daha çox firavan və azad olacaq”, – Mişel əlavə edib.