“Sezen Aksu türkçülük şüuru olan bir qadın deyil” – Türkiyədən EKSKLÜZİV AÇIQLAMA

0
140

“Sezen Aksu türkçülük şüuru olan bir qadın deyil. Amma onun “Kimsə ermənilərdən üstün ola bilməz, onlar nə ediblərsə, düz ediblər”, – deyəcəyini də düşünmürəm”.

KONKRET-az-a bu barədə açıqlamasında türk dünyasının tanınmış siması, “İpəkyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, jurnalist Seyfullah Türksoy bildirib.

S.Türksoy qeyd edib ki, “bunlar normal zəkalı insanın söyləyə biləcəyi bir şey deyil. Sezen Aksu ağıllı bir qadın, gözəl sənətçidir. Bu, bir uydurmadır və hesab edirəm ki, şişirdilmiş sözlərdir. Bəziləri sosial mediada zaman-zaman belə şeylər düzüb-qoşurlar və düz-yalan olduğunu bilmədən insanlar da paylaşırlar”.

“Sezen Aksu tanıdığı ermənilər arasında yaxşı insanların olduğunu və bu kimi şeylər deyə bilər. Gerçəkdən də Türkiyədə ta Osmanlıdan qalan bəzi ermənilər var ki, onlarla dostluğu ola bilər. Türk kinosunda, teatrında çox erməni olub və indi də var. Amma onlar Ermənistandan gələn ermənilər deyil, Osmanlıdan qalan ermənilərdir. Ola bilər ki, onlarla bağlı bir-iki yaxşı söz deyib”, – bildirən publisist-yazar belə bir paylaşıma qətiyyən inanmadığını və yalan xəbər olduğunu deyib.

Xatırladaq ki, bir neçə gündür sosial şəbəkələrdə türk sənət ulduzu Sezen Aksunun “Ermənilərin hamısı mənim canımdır. Heç kim ermənidən üstün ola bilməz, mən ermənilərin gəlini olmuşam, bilirəm. Mənə maraqlı deyil, ermənilər kimi öldürüb, mənə maraqlı odur ki, ermənilər nə edibsə, düz ediblər” statuslu fotosu yayılıb. Və bu paylaşım azərbaycanlıların kəskin tənqidinə tuş gəlib.