” Sinə üstündə pişik “

0
813

Sinə üstündə pişik.

Hamımız qocalırıq. Son zamanlar qocalıq haqqında çox düşünməyə başlamışam. Bu fikirlərə mənə qonşumuz Sədaqət xalanın ölümü sövq edib. Doğulursan, böyüyürsən, gənclik, cavanlıq, qocalıq və ölüm. Bu etaplarda fərqli şeylər yaşayırıq. Amma sonu istənilən halda ölümdür.

Sədaqət xalanı məhəllədə ara sıra görərdim. Baxımsız, saçı, başı ağarmış, ancaq üstü-başı həmişə tər-təmiz idi. Ailə qurmamışdı. Bəlkə də qurmuşdu, dəqiq bildiyim o idi ki övladı yox idi. Vaxt aşırı qohumlarından bir-iki nəfər ona dəyməyə gələrdi. O da ki bayramdan bayrama gəlsəydilər böyük şey idi. Qadın aldğı qəpik-quruş təqaüdünə dolanırdı. Uzun illər hansısa dövlət strukturunda çalışsa da, təqaüdə çıxdıqdan sonra evində sıxılırdı. Məhəlləyə çıxıb, skamyalarda əyləşib, saatlarla xəyala dalmağından, kitab oxumağından başa düşürdüm. Sonra hər şey dəyişdi. Daha az görməyə başladım onu. Əvvəlcə fikirləşdim ki bəlkə xəstələnib. Baxma, nə qədər olmaya yaşlı adamdı. Sən demə yox, xəstələnməyib. Sadəcə başını qatmağa səbəb tapıb.

Binamızın aşağı mərtəbəsindəki marketə girmişdim. Deyəsən özümə qazlı içki alacaqdım. Niyə deyəsən deyirəm, çünki Sədaqət xalanın süd aldığını gördüm. Təəccüblü heçnə yox idi. Süddür də, di gəl ki satıcı ilə üzü gülə-gülə nəyisə müzakirə etməsi fikrimi onların söhbətinə yönəltdi. Sən demə, Sədaqət xala məhəllə pişiyinin balasını evinə götürüb. Sonra yadıma düşdü ki hə, axı məhəllədə pişik balalamışdı. Balalarının çoxu maşın altında qalmışdı. Sağ qalanını Sədaqət xala evinə aparıb. İndi də o bala üçün süd alır. Hələ çox körpə olduğundan, pipetlə südü balanın ağzına damcıladır. Qadın həqiqətən də qayğı görsətmək üçün obyekt tapıb. Bunu onun sevincindən hiss etməmək olmazdı. Mağazadan necə çıxmışdımsa, evə çata-çatda yadıma düşdü ki güya mən özümə qazlı su alacaqdım.

Vaxt keçdi, Sədaqət xalanı mağazadan pişik yeməyi alan gördüm. Bala əməlli-başlı böyümüşdü. Artıq pişik qidası yeyirdi. Elə həmin mağazada Sədaqət xalayla rastlaşdıq. Marağımı gizlədə bilmədim, salamlaşdım və bala haqqında soruşdum. O, əvvəlcə üzümə şübhəylə baxdı. Amm sonra təbəssümlə dediki yaxşıdır. Hətta dedi, əgər ürəyimdən keçirsə, gəlib baş da çəkə bilərəm. Mən də eləmə tənbəllik, balaca paketdə pişik yeməyi alıb, düşdam xalanın dalınca.

Ev iki otaqlıydı,qapıdan girən kimi solda, böyük qonaq otağı, düz istiqamətdə mətbəx, sağda hamam-tualeti idi.Qonaq otağının içindən digər otağa keçid vardı. Digər otaq anladığım qədəriylə yataq otağıydı. Pişiyin yeri qonaq otağının ən sanballı yerindəydi. Lap pişiyə paxıllığım tutdu. Qəşəng, məncə əl işi olan toxumalı döşəkcə üstündə xumarlanan pişik, məni görcək miyoldadı. Xala dediki xoşuna gəlmisən haaa, məndə fürsət bilib, pişiyi tumarlamağa başladım. Nəvazişdən, az qala əriyən pişik yuxuya getdi. Xala çaya qonaq etdi məni. Ünsiyyətimiz yaxşı alınmışdı. Həyatından, işindən danışdı. Bir xeylax söhbət edəndən sonra, telefonuma zəng gəldi. Dostum görüşə çağırırdı. Nəsə, əlqərəz xalayla sağollaşıb, mənzildən çıxdım.

Ara sıra, pişiyi bəhanə edib, xalaya baş çəkərdim. Kiril əlifbasıyla yazılmış, maraqlı kitabları vardı. Əməllicə kitabxana düzəltmişdi. Kitablara marağımı görüb, hansı kitabı istəsəm götürməyə icazə verdi, ancaq qaytarmaq şərtiylə.

O ərəfələr başım sessiyama qarışmışdı. İlk qış sessiyam idi deyə, imtahanlara hazırlaşmalıydım. Bütün ayı imtahan verməklə keçirdim. Sonra digər semstr başlanana qədər tətilə çıxdıq. Yadıma düşdü ki xalaya artıq bir müddətdir baş çəkmirəm. Meyvə və pişik yeməyi alıb, xalagilə getdim. Qapını bir müddət döyəndən sonra, xala gecdən gec qapını açdı. Sən demə, qadın xəstələnib. Yataqdan yıxıla-dura qapını açıb, məni içəri çağırdı. Hal-əhval tutdu, imtahanlar haqda soruşdu, uzun uzadı söhbət etdik. Söz verdim ki tez-tez baş çəkəcəyəm. Çox sevindi, dedi qohumları son vaxtlar ümumən baş çəkmirlər. Əvvəllər heç olmasa baramdan bayrama gəlirdilərsə, indi heç bayramda da gəlmirlər. Ən azı həftədə bir dəfə yolumu xalagildən salırdım.

Novruz bayramı ərəfəsində kəndə getməli oldum. Öz qohumlarımı da görmək, bayramı kənddə keçirmək istədim. Çoxdandı getmirdim, həm xalanın qohumlarının belə etməsi pisimə gəlmişdi. Özüm də onun qohumları kimi unutqan olmaq istəmirdim. Bayramı kənddə keçirdim. Telefonla anamla danışrdım, qəflətən anam dediki, o baş çəkdiyin Sədaqət xanım neçə gündü məhəlləyə çıxmır. Dedim yəqin yenə xəstələnib deyə imkanı yoxdu mağazaya, ya məhəlləyə düşsün. Amma nəsə narahatlıq keçirdim. İki gün sonra şəhərə qayıtdım. Evə gəlincə, rahalanıb, mağazadan iki üç şey alıb, xalagilə getməyi qərara aldım. Məhəllə mağazasına girdim, həmişəki kimi alış-veriş etmişdim ki mağazadakı satıcı məndən soruşdu ki Sədaqət bibigilə gedirəmsə, getməyim. Təəccüb dolu baxışlarımı üzünə zillədim. Niyə, nə məsələdi? Satıcı anladı ki mənim baş verən hadisələrdən xəbərim yoxdur.

İki gün qabaq işıqpulunu qapının boşluğuna salmaq istəyən oğlan, qapının açıq olduğunu görüb. Səadəq xalayla həmişə işıqpulunu gətirəndə xoş-beş etməyi sevən gənc oğlan, xalanı çağırsa da cavab verən olmayıb. Maraq üstəlib onu və o evə daxil olub. Qonaq otağında gördüyü mənzərə onu şoka salıb. Sədaət xala divanında uzanmış halda, üstündə də pişiyi. Artıq bir neçə gün olub ki Səadət xala keçinib, meyidi artıq iy verməyə başlasa da, nədənsə heç kim xəbər tutmayıb. Pişiyi də canını tapşıbmış, elə xalanın sinəsinin üstündə qalıb. Oğlan əvvəlcə özünü itirib, sonra aşağı düşüb, əvvəlcə təcili yardıma zəng vurmağa cəht edib, təlaşdan zəng vurmaq alınmayıb. O da yeknəsək mağazaya girər-girməz, gördüklərini satıcıya danışıb. Satıcı təcili yardımı yığaraq, vəziyyət haqqında xəbər verib. Təcili yardım da öz növbəsində polisə xəbər edib.

Xalanı hansısa qəbirstanlıqdan birində dəfn ediblər. Dəfn üçün pulu əşyalarının içində tapıblar. Qadın ayrıca dəfni üçün təqaüdündən yığıb. Onu aylarla axtarmayan, aramayan qohumları evinə tez bir zamanda sahib çıxıb. Sahib çıxmaqları bir qırağa evi hətta satışa belə qoyublar.

Evə kor-peşman qayıtdım. Anam dediki mənə xəbəri bilərəkdən deməyib. İstəmirmiş ki bayram tətilim bərbad keçsin. Çox məyus olmuşdum. Ən məyusedici isə, onun vicdansız qohumlarının qadını tez-bazar basdırıb, evini satışa çıxarmağı idi. Nə yuğurdum, nə yapdım, hazırca kökə tapdım deyib, fürsəti əldən verməyiblər.

Tətildən sonra dərslər başladı və mən səhər dərsə gedəndə, rəfimdən yerə kitabları saldım. Bir bir kitabları stola qoyurdum ki, axırıncı dəfə Sədaqət xaladan aldığım kitab gözümə dəydi. Xaladan mənə yadigar qalan kitab oldu və onun pişiyinə sevgisi oldu.

O günlərdə özüm də pişik balasına sahiblənmişəm. Deyirəm həyatın işini bilmək olmaz. Bəlkə bir gün mən də tək qaldım. Yanımda qalacaq pişiyim olsun.

Xanım Əliyeva