Sinfin nənəsi və intihar edən Elina

0
3333

Sinfin nənəsi və intihar edən Elena

Mən 1994 – cü ildə anadan olmuşam. 7 yaşımda ilk dəfə  orta məktəbin birinci sinfinə getmişəm. Bacımın və mənim oxumağı, təhsil almağı ən çox atamın ən böyük arzusu olmuşdu. Həvəslə yola salındığım ibtidai sinifdə valideynlərimin ali savadı yox idi deyə birinci və ikinci sinfində öz sinif rəhbərim olan Bəsti müəllimənin yanına hazırlığa gedirdim. Lakin mən üçüncü sinifdə oxuduğum zaman atamın işlərində problem yarandı. Maddi baxımdan çətinliyimiz yarandı deyə, məni üçüncü sinifdə hazırlığa qoya bilmədilər. Mənim pulgir sinif rəhbərim isə 9 yaşlı bir parça uşaqla prinsipə girdi. O vaxt beyindaxili təzyiqdən əziyyət çəkirdim. Bu gözlərimə bir az təsir etmişdi deyə, gözlərim zəifləmişdi. Həkim mənə eynək yazdı. Hazırlığa gedə bilmədiyim həmin il Bəsti müəllimə mənim qiymətimi kəsməyə başladı öncə, eynəyə keçdikdən sonra isə məni ” sinifin nənəsi ” elan etdi. Hər gün sinifdən evə pis əhvalla və əsəblə qayıdırdım. Oxuduğum sinfin 90 faizi varlı ailədən olan uşaqlar idi. Onların ailələri Bəsti müəlliməni yaxşı təmin edirdi. Etməyən ailənin uşaqları isə mənim kimi psixoloji təzyiqə məruz qalırdı. Məktəbdə heç bir dostum yox idi. Hətta öz sinif yoldaşlarımla belə məndə alınmırdı. Lakin tənəffüslərdə bir neçə uşaqla tanış olmuşdum. Bizim məktəbdə oxuyurdular. Mənimlə yaşıd idilər. Amma başqa sinifin uşaqları idi. Onlar məndən fərqli olaraq, öz müəllimlərini sevirdilər. Bu isə mənə qəribə gəlmişdi. Artıq onlarla birgə oxumağa qərar vermişdim. Çox qəribədir, elə deyilmi? Mən üçüncü sinif şagirdi olmağıma baxmayaraq, şəxsiyyət kimi bir qərar vermişdim. Qalmışdı bu qərarı icra etmək! Həmişə olduğu kimi evə qayıtdım. Bu dəfə əsəbimi, psixoloji gərginliyimi evdə bildirdim. Anam nə qədər deyirdisə, dur dərsini et, mənim cavabım ” Mən daha məktəbə getməyəcəm ” idi. Axırda anam gördü ki, məsələ ciddidir. Məndən səbəbini soruşdu, əslində demək də istəmirdim, amma dilə tuta bildi. Mən bütün hər şeyi anama danışdım. O həm əsəbləşdi, həm üzüldü. Amma atamla məsləhətləşməyi qərara aldı. Axşam atam evə gələndə qızın dərsə getmək istəmir deyib, bunun səbəbini atama deyəndə, atam lap əsəbləşdi. O hətta müəlliməni işdən çıxarılması üçün əlindən gələni edəcəyini dedi. Lakin anam; ” Yoldaşı yeni rəhmətə gedib, uşaqları yetim qalıb, camaatı çörəyindən etmə ” dəyərək, övladına qarşı edilən haqsızlığa rəğmən özünün nə qədər insani keyfiyyətləri olan biri olduğunu sübut etdi. Atamı sakitləşdirib, dilə tutdu ki, sabah qızın hansı sinifə istəyir, ora dəyişəcəm onu. Elə də oldu. İngilis dili dərsi idi. Anam dərsə gəlib, müəlliməmdən icazə istəyib və sağollaşıb, məni də çantamı da götürüb, gətirdi, direktorun otağına. Direktor səbəbini soruşmasın deyə ondan xahis edib,  istədiyim sinifin adını deyib ora dəyişdi. Mən böyük sevinclə dostluğunu qazandığım uşaqların sinifinə getdim. Sona qədər də həmin sinfin şagirdi oldum. Qəribəsi odur ki, mən köhnə sinfimdə nəinki müəlliməmə, sinif yoldaşlarıma da nifrət edirdim! Mənim sinifdən çıxdığımı dərsə gələndə bilən Bəsti müəllimə, arxamca, digər valideynlərin yanında; ” O qızdan zurnacı da olmaz ” deyə aşağıladığını eşitmişdim. Halbuki, o pulla qiymətini yüksək yazdığı şagirdlərin çoxu, bəlkə də hamısı universitet tələbəsi adını qazana bilməmişdi. Lakin aşağıladığı mən isə elə özünün gözü qarşısında diplomlarla təltif edildim, 17 yaşımda ” Bənövşə Sevgisi ” adlı ilk şeir kitabım çap olundum. Təhsil nazirliyinin rəsmi saytında isə adım məktəbin fəxr etdiyi şagirdlərin siyahısında idi.
Aprelin 4 – ü 162 saylı orta məktəbin şagirdi olan Elinanın intihar faktı mənə uşaqlığımı yada saldı. Ən doğrusu Bəsti müəllimənin mənimlə rəftarı və məğlubiyyəti… Mən 24 yaşımda bir daha dərk etdim ki, nə qədər də şanslı uşaq imişəm! Bilirsinizmi nə üçün? Çünki mən valideynlərimə problemimi deyən kimi, onlar məni müəllimənin ümidinə buraxmaq əvəzinə öz övladlarına sahib çıxdılar.
Elinanın yazdığı məktubda bu cümlələr qeyd olunub :
” Mən öləndə mənim qəbrimə gəlməyin, mənə deməyin ki, məni sevirsiz, çox istəyirsiz məni görmək, gərək belə olmazdı, məni istəyirsiz qucaqlamaq, öpmək, çünki bu sözləri mən sağ olanda demək lazım idi. Bezmişəm bu həyatdan, heç kim qulaq asmır. Hamısı da pislik edir. Niyə? Nə etmişəm? ”
Bəli! Onun heç bir günahı yox idi! Elina valideynlərinin və pis müəllimlərinin qurbanı idi! Niyə valideynlər deyirəm? Çünki Elina dəfələrlə onlara müraciət etmişdi, onlardan kömək istəmişdi. Lakin onun imdadına kimsə yetişməmişdi! Bu cümlələr hər şeyi deyir! Kömək istəməkdən bezmiş körpə bir qəlb… Nə qədər acı və rəzil mənzərədir! Elena… Sənin qarşında mən də üzüqarayam! Sənin kimi bütün uşaqlar intihar etmir, düzdür. Amma hər gün sənin kimi cismani olmasa da, ruhi – psixoloji ölən o qədər körpə qəlb var ki! Sizcə uşaqlar niyə dərslərində uğursuzdur? Sizcə uşaqlar niyə söyüş söyür, pis vərdişləri var? Sizcə uşaqlar niyə vaxtından əvvəl cinsi münasibətə başlayır? Sizə bunların açıqlamasını bir cümlə ilə verə bilərəm;
Pis uşaq yoxdur! Pis müəllim və pis valideyn vardır! ”

Ar olsun, eqosit müəllim və valideynlərə!

Bənövşə Mahmudqızı