Siyavuş Novruzov: “Valyuta mübadiləsi fəaliyyəti üçün qaydalarımız sərtdir”

0
88

Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti göstərmək üçün müəyyən edilmiş qaydalar kifayət qədər sərtdir.

“Terefsiz.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.

“Vaxtilə valyutadəyişmə məntəqələrinin hamısını ləğv etdik və bu məsələni bankların ixtiyarına verdik. Təxminən 3 min məntəqə ləğv olundu ki, hərəsində azı 2 nəfər çalışırdı və beləcə 6 min insanı bu sahədən kənarlaşdırdıq. Valyutadəyişmə məsələsində kifayət qədər sərt qaydalar qoymuşuq. Məsələn, kimsə məntəqə açmaq istəyirsə girov kimi 50 min manat vəsait qoymalıdır və s. Bu məsələyə vətəndaşların rahatlığı üçün və digər vətəndaşların iş yeri olması konteksində baxsaq, burda nə problem var? Niyə valyutadəyişmə məntəqəsi ancaq bankın daxilində, xüsusi yerlərdə olmalıdır? Elə günlər olur ki, orada ümumiyyətlə valyuta dəyişmək olmur. Əgər biz turizmi inkişaf etdiririksə, hansısa xarici vətəndaş Azərbaycana valyuta gətirirsə, bunlar üçün münbit şərait yaratmalıyıq ki, gəlsin, dünyanın hər yerində olduğu kimi pasportunu versin və pulunu dəyişib getsin”, – deyə o qeyd edib.

Bundan başqa, deputat deyib ki, Azərbaycanda bəzi bank kartlarından, o cümlədən əmək haqqı kartlarından pul çıxarılmasına gündəlik limit qoyulub. “Pul çıxarmaq üçün gərək 3 gün ardıcıl gedəsən. Başa düşürəm ki, böyük marketlərdə, “Mall”larda kartla ödəniş sistemi işləyir. Amma nağd pul çıxarmaq istəyirsənsə, lap Milli Məclisin deputatı belə olsan, müəyyən həddin var, əmək haqqının hamısını çıxara bilməzsən. Gərək bir neçə gün bankomata yaxınlaşasan. Hesab edirəm ki, bu məsələdə də müəyyən dəyişikliklər etməliyik”.

terefsiz.az