SON DƏQİQƏ: İyunun 25-dən yeni qadağa qüvvəyə minir

0
418

“Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər sosial məsuliyyətdən kənar davranaraq avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər”.

Terefsiz.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında qeyd edilib.

Bildirilib ki, bu cür məsuliyyətsiz davranışlara yol verən sərnişin özü ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır:

“Bu hal sərnişindaşımaların təşkili baxımından da olduqca təhlükəlidir və sürücülər arasında yoluxma ehtimalını ciddi şəkildə artırır. Virusa yoluxan bir nəfər sürücü istehsalat bazasında yüzlərlə əməkdaşı yoluxdura bilər ki, bu isə eyni anda bir və ya bir neçə marşrut xəttinin fəaliyyətinin dayanmasını qaçılmaz edir. Bu cür xoşagəlməz halların yolverilməzliyini və tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, marşrut avtobuslarında bəzi qaydaların tətbiqinə qərar verilib.

Bildiririk ki, sərnişinlərin maska taxmadan avtobusa minməsi qadağandır. İyunun 25-dən maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etməyəcək. Yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edəcək. Artıq avtobuslara maskasız girişin qadağan olduğunu bildirən məlumatlar da yerləşdirilib. Yaxın günlərdə tələbin icrasına dair nəzarət tədbirləri daha da gücləndiriləcək.

Bununla yanaşı, daşıyıcılarla da görüş keçirilib və sürücülərin təlimatlandırılması barədə göstəriş verilib. Bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik. Xahiş edirik ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin, bildiririk ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür”.