Sony Vision-S elektromobili barəsində yeni məlumatlar verilib – Foto

0
206

 Terefsiz.az saytı xəbər verir ki,  dünən Sony şirkəti CES 2020 sərgisi çərçivəsində özünün Vision-S adlı elektromobil modelini təqdim etmişdi. Engadget saytının jurnalisti həmin elektromobilin salonunda olmuş və əlavə məlumatları əldə etmişdir. Jurnalistin verdiyi məlumata əsasən, Vision-S elektromobili irimiqyaslı istehsalat mərhələsinə keçməyəcək.

Belə ki, bu elektromobil sadəcə olaraq, Sony-nin digər istehsalçılara təqdim edə biləcəyi texnologiyaları sərgiləyən bir məhsul qismində çıxış edir. Buna baxmayaraq Vision-S artıq testlərdən də keçib.

    Salonda əyləşən zaman Vision-S premium sedan hissini yaradır. Belə ki, elektromobilin salonu və sükanı dəri material ilə əhatə olunub. Elektromobil salonunun ön panelini sensorlu ekranlar əhatə edirlər. Həmin ekranlarda isə elektromobilin sürəti, multimedia funksiyaları və elektromobilin kənar şüşə görüntüləri əks olunurlar. Sözügedən ekranlardan birbaşa touchscreen üzrə və ya aşağı hissədə yerləşən xüsusi panel vasitəsilə idarə etmək mümkündür. Bununla yanaşı, səsin və digər özəlliklərin tənzimlənməsi üçün fiziki düymələr də var.

    Dünənki təqdimat zamanı Sony qeyd etmişdi ki, Vision-S xaricdən və daxildən 33 növ müxtəlif ötürücülər ilə təchiz olunub.

Məsələn, LIDAR sensorları vasitəsilə elektromobil salonda kimin əyləşdiyini təyin edə biləcək və həmin şəxsə uyğun olaraq oturacağı və audiosistemin səs gücünü tənzimləyə biləcək. Xarici hissədən yerləşən ötürücülər isə yoldakı obyektləri və həmin obyektlər arasındakı təqribi sürəti təyin edə biləcəklər. Sony Vision-S 2-ci səviyyəli avtopilot sistemi ilə təchiz olunub. Bu isə o deməkdir ki, elektromobil avtomatik şəkildə sürətlənə, tormoz sistemini işə sala və sükanı idarə edə bilər.

Lakin buna baxmayaraq, sürücü elektromobilin göstəricilərinə və yola nəzarət etməlidir.

    Sony mühəndisləri istifadəçi təcrübəsinə və əyləncəyə böyük diqqət ayırıblar. Buna görə də elektromobilin arxa sərnişinləri üçün ön oturacaqların arxa hissəsində əlavə sensorlu ekranlar quraşdırılıb. Elektromobilin sistemi isə müxtəlif servislərə qoşulub. Həmin servislər vasitəsilə sərnişinlər film izləyə və ya musiqiyə qulaq asa bilərlər.

Bundan əlavə olaraq, elektromobildə daha geniş əhatəli səsin təmin olunması üçün 360 Reality Audio texnologiyasından istifadə edilib. Həm də hər bir oturacağın kənarına əlavə səsgücləndirici yerləşdirilib.

Terefsiz.az