Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 km-dir.
Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun hərəkət hissəsi 14 metr təşkil edir.
Artıq yolboyu 14 km-lik hissədə asfalt-beton örtüyünün döşənməsi və suni qurğuların inşası yekunlaşmaq üzrədir. 25.7 km-lik hissədə isə I texniki dərəcəyə uyğun 21.5 metr enində yol yatağının və yol əsasının inşası, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi və hamarlayıcı lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilirək, həmçinin çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağı inşa edilir.
Yol boyunca suların ötürülməsini təmin etmək məqsədi ilə nəzərdə tutulan 37 dairəvi boru üzrə 85%, 9 düzbucaqlı su keçidi üzrə 95%, tikilən yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə 7 yolaltı keçid üzrə 93%, ehtiyat keçidləri üzrə isə 80% tikinti işləri icra olunub.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 2, 19, 20, 27, 31 və 39-cu km-lik hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə davam etdirilir.Artıq 2,19 və 39-cu km-də inşa olunan körpülərin tikintisi sona çatmaq üzrədir. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.
Tikinti işləri “İnşaat Norma və Qaydaları” nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. Yolun tikintisinin 2023-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edir.
TEREFSİZ.AZ