Suriyadan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib

0
66

Mayın 18-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır. Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyəyə ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

Daha sonra, Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi nəticəsində vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunub.

Növbəti mərhələdə Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

terefsiz.az