Süründürməçi hakimlər cəzalandırıldı: birinin fəaliyyətinə xitam verildi

0
160

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Terefsiz.az-ın məlumatına görə, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, ictimai həyatın bütün sahələrində əldə olunan genişmiqyaslı uğurları qeyd edib, “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanın məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında müstəsna rolunu vurğulayıb.

Qeyd edilib ki, Fərmanın icrası çərçivəsində 40-dək mühüm normativ aktın layihəsi hazırlanıb, məhkəmə fəaliyyətinin təkmilləşməsinə, hakimlərin müstəqilliyinin möhkəmlənməsinə yönələn bir sıra qanunlar artıq qəbul edilib, digər tədbirlər görülüb. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələr təsbit olunub.

Ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. 2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.

İlhamə Əbülfət

istinad:oxu.az