Şuşaya aparan yeni yol istifadəyə verilib – FOTO

0
658

 

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tikinti işləri Füzuli şəhərindən başlayaraq, yeni yol üzrə hazırlanmış layihə əsasında aparılır.

 

Yeni yol iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək.

Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. Artıq Şuşa şəhərinədək 101.5 km-lik trassa üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti yol istifadəyə verilib.

 

Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84.6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından  ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

 

Bundan başqa Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur.

 

Yeni yol üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

 

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.

 

Yeni layihə üzrə təyin olunmuş qrafikə uyğun Füzuli-Şuşa yeni avtomobil yolunda inşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.

 

Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq, təqribən 345 km təşkil edəcək.