Şəhriyar Məmmədyarov: “Təəssüf ki, karyeramızın ən yaxşı vaxtlarında Karlsenə rəqib olduq”

0
134

“Təəssüf ki, karyeramızın ən yaxşı vaxtlarında Karlsenə rəqib olduq, o da hər zaman bizdən güclü idi”.

“Terefsiz.az” xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionatı haqqında danışarkən deyib.

O bildirib ki, artıq dünya şahmatında lider yoxdur:

“Maqnus Karlsen çox güclü idi və onunla rəqabət aparmaq mümkün deyildi. Bu, bir az da bizim şanssızlığımız idi. Hazırda isə hər bir şahmatçının dünya çempionu olmaq şansı var”.

Bu gün açılışı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı barədə də fikirlərini bölüşən idmançı qeyd edib ki, Azərbaycanda belə bir turnirin keçirilməsi çoxdan gözlənilirdi:

“Ölkəmizdə dəfələrlə yüksək səviyyəli yarışlar keçirilsə də, “açıq” tipli, bütün şahmatçıların iştirak edə biləcəyi turnirin keçirilməsinə ehtiyac var idi. Təəssüf ki, mənim də, Teymurun da (Rəcəbov – red.) bu tipli yarışlarda iştirakımız illik planlarımıza uyğun deyil, amma Azərbaycanda belə bir təşkilatçılıq çox böyük uğurdur. Bildiyiniz kimi, bu il ulu öndərimizin 100 illik yubileyi qeyd olunur. Turnir də ona həsr olunub. O, şahmatı çox sevirdi və daim dəstək olurdu”.

Ş.Məmmədyarov Bakıda keçiriləcək Dünya Kuboku haqqında danışarkən bildirib ki, bu yarış onun üçün çox çətin turnirdir:

“Sistemi mənim oyun stilimə uyğun gəlmir. Amma düşünürəm ki, bu, tarixin ən güclü turnirlərindən biridir. İki ildən bir keçirilir və olduqca önəmli yarışdır. Dörd il qabaq keçirilmiş Dünya Kubokunda Teymur qalib gəlmişdi. Ümid edirəm ki, biz yenə də bu yarışda uğurlu çıxış edəcəyik. Üstəlik bu yarışın Azərbaycanda keçirilməsi şahmatın ölkəmizdə nə qədər sevildiyini göstərir. İnanıram ki, bu dəfə də yüksək səviyyəli turnirə şahidlik edəcəyik”.

Şahmatçı qeyd edib ki, Dünya Kuboku yarışlarında uğurlu çıxış etməsə də, ölkəmizdə keçirilən turnirlərdə daha yaxşı oynayır:

“2015-ci ildə, ilk dəfə Dünya Kuboku Bakıda keçiriləndə 1/4 finala qədər rahat gəlmişdim. Sonradan öndə olduğum vəziyyətdə Sergey Karyakinə uduzdum və o da yekunda çempion oldu. Azərbaycanda keçirilən bütün turnirlərdə uğurlu çıxış etmişəm. Amma Dünya Kuboku başqa bir sistemdir. “Bağlı” yox, “açıq” turnirdir. 200-ə yaxın şahmatçı iştirak edəcək. Belə yarışlarda mən öz istədiyim riskli oyunu göstərə bilmirəm. Bu da lazımi nəticə qazanmağıma mane olur”.

terefsiz.az