Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

0
175

Bu gün dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, tədbirdən əvvəl Təhsil naziri Ceyhun Bayramov, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək Prezident İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.

C.Bayramov ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində addımlar atıldığını deyib. Nazir əlavə edib ki, son illərdə Təhsil Nazirliyinin fəaliyyətində müəllimlərlə bağlı siyasət prioritet təşkil edib, ən ciddi uğurlar da məhz müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində əldə edilib.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə görülən işləri diqqətə çatdıran nazir bildirib ki, bu gün qarşıda duran ən vacib vəzifələr təhsilin hər bir vətəndaş üçün əlçatanlığının təmin edilməsi, keyfiyyət göstəricilərinin yüksək və rəqabətli olmasıdır. Bununla əlaqədar hər bir təhsil işçisi qeyd edilən məsələləri əsas fəaliyyət istiqaməti kimi nəzərə almalı və təmin etməlidir.

Nazir çıxışının sonunda bir daha təltif edilən təhsil işçilərini təbrik edib.

Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsi işində yüksək əzmlə çalışacaqlarını qeyd ediblər.

Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 126 nəfər “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.

İstinad: Report.az

Terefsiz.az