Təhsil müəssisələrinin yeni akkreditasiyası qaydaları müəyyənləşib.

0
295

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanına əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılmış və Agentliyin Nizamnaməsində qurumun fəaliyyət istiqaməti və vəzifəsi kimi, təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi və akkreditasiya məqsədilə təhsil müəssisələrinin qiymətləndirilməsinin təşkil edilməsi müəyyən edilib.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, sözügedən fəaliyyət istiqamətinə dair beynəlxalq təcrübə, Bolonya prosesi üzrə Azərbaycan Respublikasının öhdəlikləri və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhlil edilmiş, nəticə olaraq, bu sahədə yerli qanunvericiliyin mövcud tələblərə uyğun şəkildə təkmilləşdirilməsinə zərurət olduğu müəyyənləşib.

 

Göstərilənləri nəzərə alaraq, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq edilmişdir.
Qaydaların yeni redaksiyası təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı ilə bağlı aşağıdakı üstünlükləri yaradacaq:

– Azərbaycan Respublikasının təhsil sisteminin inkişafı, beynəlmiləlləşməsi və təhsilin keyfiyyət səviyyəsinin yüksəlməsi təmin olunacaq;

– beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sistemi formalaşacaq;

– ali təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi zamanı Avropa Ali Təhsil Məkanının keyfiyyət təminatı prinsiplərinin də nəzərə alınması təmin olunacaq;

– dövlət standartlarından əlavə, beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramlarının akkreditasiyası mexanizmi formalaşacaq;

– təhsil müəssisəsinin fəaliyyəti ilə yanaşı, təhsil proqramlarının icrasının qiymətləndirilməsi mexanizmi formalaşacaq;

– təhsil müəssisəsinin fəaliyyətinin və ayrı-ayrı təhsil proqramlarının icrasının qiymətləndirilməsi prosesinə təhsil müəssisəsinin fəaliyyətində maraqlı tərəflərin, xüsusən də işəgötürənlərin və təhsilalanların nümayəndələri cəlb ediləcək və onlar arasında keçirilmiş rəy sorğusunun nəticələrinin qiymətləndirilmə zamanı nəzərə alınması təmin olunacaq;

– “Təhsil müəssisələrinin akkreditasiyası” dövlət xidmətinin elektronlaşdırılmasına nail olunacaq;

– akkreditasiya sertifikatı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanan elektron sənəd formasında veriləcək;

– təhsil müəssisələrinin fəaliyyətinə dair hesabatlılıq yalnız akkreditasiya dövrü üzrə (hər 5 ildən bir) deyil, illik əsasda təmin olunacaq.

TEREFSİZ.AZ