Tanınmış azərbaycanlı aşıq vəfat

0
102

Ustad aşıq Mahmud Məmmədov dünyasını dəyişib. Kult.az xatırladır ki, Mahmud Qasım oğlu Məmmədov 22 may 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəliklə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüb.

Mahmud Qasım oğlu Tovuzda 7 illik təhsilini başa vurandan sonra aşıq sənətinə ciddi maraq göstərib və o vaxtlar Tovuz-Gəncəbasar bölgəsində böyük nüfuzu olan ustad aşıq Vəli Qaraxanlının yanına şəyirdliyə verilib. Bir il ustadın yanında qalandan sonra Tovuz rayonunda yaşayan doğma əmisi oğlu Aşıq İmran Həsənovdan təxminən 12 ilə yaxın sənət dərsi alıb. 1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və ümumdünya festivallarında laureat adını qazanıb. Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi “Abbas-Gülgəz” dastanı ona böyük şöhrət gətirib. Aşıq Mahmud 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında Atatürk qızıl medalına layiq görülüb. Prezident təqaüdçüsü idi. 2007-ci ildə “Hörmət olan yerdə, məhəbbət olar” adlı şeirlər kitabı çap olunub. Kitabda aşığın müxtəlif illərdə qələmə aldığı divanilər, gəraylılar, qoşmalar, deyişmələr, müxəmməslər, xatirə-rəvayətlər və aşığa həsr olunan şeirlər toplanıb.