“Tehranın İrəvanla qardaşlaşması, yaxud bacılaşması İranın simasını ortaya qoydu”

0
66

“Böyük ehtimal, İran hakimiyyəti Tehranla İrəvanın qardaşlaşması addımını o məqsədlə atır ki, bu gün Azərbaycanla İsrail arasındakı diplomatik əlaqələrin daha da güclənməsi İranı qıcıqlandırır. Söhbət ondan gedir ki, bu yaxınlarda İsraildə Azərbaycanın səfirliyi açıldı və İran da sanki bu hadisələrin fonunda öz əməkdaşlığını Ermənistanla gücləndirir. Bu addımlarla İran guya Azərbaycana hansısa mesajları vermək istəyir”. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Tehranla İrəvanın qardaşlaşmasından söz açarkən deyib.

Deputata görə, əslində, İranın bu addımları, eləcə də Tehranla İrəvanın qardaşlaşması, yaxud bacılaşması bu dövlətin özünün həqiqi simasını bir daha bütün müsəlman dünyasına göstərmiş olur. Millət vəkili hesab edir ki, bu məsələdən Azərbaycanda İrana xüsusi rəğbəti olan dindarlar da ciddi nəticə çıxarmalıdırlar.

Onun sözlərinə görə, bu şəxslər zaman-zaman paralellər aparırlar ki, Azərbaycan İsraillə əməkdaşlığı gücləndirir deyə, İran da analoji addımı atır:

“Bu paralelliyin aparılması kökündən yanlışdır. Çünki İsrail İranın ərazisini işğal etməyib. Azərbaycan da İsraili İran əleyhinə dəstəkləmir. Biz beynəlxalq hüquqa əsasən, münasibətlərimizi qurmuşuq, bu da normaldır. Biz sırf beynəlxalq hüquqa əsasən, əməkdaşlıq edirik və bu əməkdaşlığımız hansısa bir dövlətin əleyhinə yönəlməyib. Ona görə də burada parallelik aparmaq kökündən yanlışdır”.

C.Məmmədov aydınlaşdırıb ki, İsraildən fərqli olaraq, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, məscidlərimizi dağıdıb, içində donuz, inək saxlayıb:

“Bu gün də Ermənistan Azərbaycanın bəzi ərazilərini işğal altındada saxlamaqda davam edir. Davamlı olaraq atəşkəsi pozub vətəndaşlarımızı qətlə yetirir. Belə olan halda İranın həm Qafanda konsulluq açması, həm də Qarabağa silah və yanacaq göndərməsi onun niyyətini sübut edir”.

Müsahibimiz Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Tehran səfərinə də toxunub:

“İndi də tülkü həccə getdiyi kimi, Nikol Paşinyanın xanımını İrana aparıblar. Akopyan orada sanki böyük bir şəxsiyyət kimi İranın xarici işlər nazirinin yanında oturdu, müxtəlif görüşlər keçirdi və bununla da onlar sanki uşaq kimi Azərbaycana yanıq verməyə çalışırlar. Bu da onların nə qədər xəstə təfəkkürlü, təxəyüllü, məkrli və xəyanətkar olduğunu bir daha göstərir”.

“İran bütün dünyaya deyir ki, mən müsəlaman ölkəsiyəm, müsəlmanların himayədarıyam, Fələstini mən müdafiə edirəm, hər yerdə müsəlmanların dadına mən çatıram.Yaxşı, əgə belədirsə, Azərbaycan da müsəlman ölkəsidir. Dinimiz də tələb edir ki, müsəlman müsəlmana dəstək olsun, yanında dursun. Amma biz bunu İranın davranışlarıdan görmürük. Bu da bir daha onu göstərir ki, İran həqiqi müsəlman ölkəsi deyil, əksinə, İslamdan daha çox pərdələnmək üçün istifadə edir. Onun bizimlə bağlı atdığı bütün addımlar və davranışlar daha çox riyakar və qeyri-səmimi yanaşmadan irəli gəlir”, – əlavə edib.

Milli Məclisin deputatı onu da əlavə edib ki, belə olduğu haqda İranın İslamdan danışmağa haqqı yoxdur:

“İran bu qardaşlama ilə bizə hansısa mesajı vermək istəyir, amma İranın bu davranışları onu bir daha bütün müsəlman dünyasına ifşa edir. Bu da onun nə qədər xəyanətkar, qeyri-səmimi və təxribatçı olduğunu bir daha göstərir”.

Rafi MÜSLÜMOV