Teymur Rəcəbov və Levon Aronyanın yerinə yarışacaq şahmatçılar müəyyənləşdi

0
191

11-23 dekabrda Qüdsdə keçiriləcək şahmat üzrə FIDE Qran-Prisinin son mərhələsinin bütün iştirakçılarının adlarına aydınlıq gəlib.

Terefsiz.az xəbər verir ki, yarışdan sağlamlıqları ilə bağlı imtina etmiş Teymur Rəcəbov və Levon Aronyanın yerinə iki şahmatçı artıq müəyyənləşib.

Bunlar ehtiyat oyunçular siyahısında yer alan çinli Vanq Hao (oktyabrda Britaniyanın Mən adasında keçirilmiş FIDE Grand Swiss Tournament-in qalibi olmaqla İddiaçılar Turnirinə vəsiqə qazanıb – S.M.) və rusiyalı Dmitri Andreykindir. Hər iki şahmatçı ən azı iştirakına görə beş min avro əldə edəcək.

Beləliklə, Şəhriyar Məmmədyarovun reytinqinə görə ikinci olduğu bu yarışda 15 rəqibi bunlardır: Maksim Vaşye-Laqrav (Fransa), Aniş Qiri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ), Vanq Hao (Çin), Sergey Karyakin (Rusiya), Yu Yanqyi (Çin), Veselin Topalov (Bolqarıstan), Radoslav Voytaşek (Polşa), Vey İ (Çin), Pentala Harikrişna (Hindistan), Dmitri Andreykin (Rusiya), David Navara (Çexiya), Dmitri Yakovenko (Rusiya), Boris Qelfand (İsrail).

Qeyd edək ki, Dünya Kubokunu qazandığı üçün İddiaçılar Turnirində iştirakı özünə təmin etmiş Teymur Rəcəbov səhhəti ilə bağlı yarışdan imtina edib. Levon Aronyan isə imtinasını burun əməliyyatından sonra müalicəsinin bu yarışla üst-üstə düşməsi ilə əlaqələndirib. Bu isə o deməkdir ki, Aronyan dünya şahmat tacı mübarizəsinə vəsiqə verən İddiaçılar Turnirində çıxış edə bilməyəcək.