Tokio Olimpiya oyunları 12,6 milyard dollara başa gələcək

0
212
2020-ci il Tokio Olimpiya oyunları 1,35 trilyon yenə (12,6 milyard dollar) başa gələcək.
Azadlıq Radiosu xəbər verir ki, təşkilatçılar dekabrın 20-də yekun büdcəni açıqlayıblar.
Ancaq rəsmilər marafonun şimala – Sapporoya köçürülməsi üçün tələb olunan 3 milyard yenin bu büdcəyə salınmadığını deyirlər. Çünki hazırda bu xərci kimin çəkməli olmasıyla bağlı Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə mübahisə gedir.
Yerli sponsorluq və bilet satışından gəlirlər ümumi gəliri 30 milyard yen artırıb.
“Frans Pres” yazır ki, 1,35 trilyon yenlik büdcə ötən il açıqlanmış son versiyayla müqayisədə dəyişməyib.
27 milyard yenlik “fövqəladə səbət” isə təbii fəlakətlər kimi mümkün gözlənilməz hadisələr üçün nəzərdə tutulub.
Tokioda yayda gözlənən isti səbəbindən marafonu şimaldakı Sapporo şəhərinə köçürməklə bağlı hazırda BOK-la danışıqlar gedir.
“Bu, gözlənilməz məsələ olduğundan elə bir prosedur yoxdur”, – Tokio-2020-nin planlaşdırma və maliyyə üzrə icraçı direktoru Gakuji Ito deyib.
Bu ilin əvvəlində Los Anceles 2028 Olimpiya oyunlarının 6,9 milyard dollarlıq büdcəsi açıqlanıb.
Paris 2024 oyunlarının büdcəsi isə 6,8 milyard avroya (7,6 milyard dollar) bərabərdir və bunun 1,5 milyardını dövlət verəcək.