Tovuz şəhərində ahıl qadının ölümünə səbəb olan hadisənin bəzi təfərrüatları məlum olub.
“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, hadisə Tovuz şəhəri, Eldəniz Əliyev küçəsində olan fərdi yaşayış evlərin birində qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırova aprelin 30-da yaşadığı evdə taxta parçası ilə döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı məlum olub ki, ahıl qadınla onun evində kirayədə yaşayan, 1990-cı il təvəllüdlü Aynaz Alıyev arasında mübahisə baş verib. Bu zaman A. Alıyeva onu taxta parçası ilə döyərək evin pilləkənindən yıxıb, daha sonra isə qadına bir neçə dəfə həmin taxta parçası ilə zərbələr endirərək ona ağır bədən xəsarətləri yetirib.
Mərhumun qonşularının dediyinə görə, A.Allyeva boşanmış qadın olub, bir oğlu və bir qızı var. Qızı onunla, oğlu isə atasının yanında qalıb. A. Alıyeva Elçin Əliyev adında biri ilə elə həmin evdə qeyri-rəsmi münasibətdə yaşayıblar.
Qonşular bildirib ki, bir gün mərhum İ. Bağırovanı küçədə kefsiz halda görüblər və ondan bunun səbəbini maraqlanıblar. Mərhum qadın bildirib ki, evində kirayədə yaşayanlar onun pulunu və qızıl-zinət əşyalarını oğurlayıblar.
“Biz də Aynaza iradımızı bildirdik ki, bəs evində qaldığınız yaşlı qadının niyə qızıllarını oğurlamısınız, qaytarın qadının qızıllarını, yoxsa polisə məlumat verəcəyik. Onda Aynaz cavabında bildirib ki, borcları var, məcbur olub qızılları götürüblər və pul qarşılığında əmanət qoyublar. Lakin bir müddət sonra eşitdik ki, belə bir hadisə olub”-deyə mərhumun qonşuları bildirib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən A. Alıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan E. Əliyev mərhumun evində bir neçə ay öncədən kirayədə qalırmış.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanıb.
Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.