ABŞ prezidenti Donald Tramp 2020-ci ildə baş tutacaq prezident seçkiləri üçün kampaniyasına start verib.
Terefsiz.az xəbər verir ki, Tramp seçki kampaniyasını Florida ştatının Orlando şəhərində başlatdığını açıqlayıb.
Tramp “Amway Center”də təşkil olunan mitinqdə kürsüyə həyat yoldaşı Melaniya Tramp, köməkçisi Mayk Pens və onun həyat yoldaşı Karen Pens ilə birgə çıxıb.
“ABŞ prezidenti olaraq ikinci dövr seçki kampaniyamı rəsmən başlatmaq üzrə qarşınıza gəldim. Söz verirəm, sizi əsla məyus etməyəcəm. 2020-ci ildə Demokratlar Partiyasına gedəcək hər səs radikal sosializmin yüksəlişinə və Amerika röyasının məhv olmasına aparacaq. Demokratlar ölkəmizi məhv etməyə çalışır. Biz bunu bilirik və buna icazə verməyəcəyik”,- Tramp çıxışında qeyd edib.
Nitqində, əsasən, prezident seçildiyi gündən bəri gördüyü işləri xatırladan Tramp ilk seçki kampaniyasında gündəmə gətirdiyi qanunsuz qaçqınlar, Meksika sərhədinə divar inşa etmək, medianın davranışı və sabiq rəqibi Hillari Klinton haqqında mövqeyini yenidən dilə gətirib.
Latın Amerikası ölkələrindən gələn miqrantların mövuzusuna tez-tez müraciət edən prezident “qanuna sadiq qalan vətəndaşlar üçün ölkəmizin sığınacaq olmasına inanırıq, ancaq cinayətkarlara deyil” sözlərini qeyd edib. Bildirib ki, demokratlar bu cinayətkarları rahatlıqla ABŞ-a qəbul etməyə hazırdırlar.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərinə Konqresin iki partiyası – Demokratlar və Respublikaçılar namizəd irəli sürürlər. Demokratların hazırkı favorit namizədi sabiq prezident köməkçisi Co Bidendir.
ABŞ-da 59-cu prezident seçkiləri 3 noyabr 2020-ci ildə baş tutacaq.
Terefsiz.az