Turizm obyektləri ilə bağlı tələb.

0
340

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.

Terefsiz.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Turizm haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Bu dəyişikliyə uyğun olaraq 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.

Layihəyə əsasən, 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. Bu obyektlər təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur.

Qeyd edilən obyektlərin fəaliyyəti ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli üsullar tətbiq edildikdə həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.

Terefsiz.az