Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib

0
90

Bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş keçirilib.

Bu barədə “Report”un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş çərçivəsində tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib.

Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub.

Qeyd edək ki, Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub.

terefsiz.az