Türkiyədə qız mirasa görə atasını zəhərlədi

0
97

Türkiyənin Aydın vilayətində iki nəfər xeyriyyə məqsədilə evlərinə göndərildiyini zənn etdikləri qutabları yedikdən sonra zəhərlənib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Qida zəhərlənməsi ilə xəstəxanaya çatdırılan Ali Karateke və oğlu həmin gün aprelin 3-də evə buraxılıb. Lakin ertəsi gün səhər saatlarında Ali Karateke dünyasını dəyişib.

A.Karatekenin ölümünü şübhəli hesab edən polis faktla bağlı araşdırmaya başlayıb. Mərhumun yaşadığı məhəllədə araşdırma zamanı başqa heç bir evə “xeyriyyə yeməyi”nin göndərilmədiyi aydın olub.

Təhlükəsizlik kameralarının yoxlanılması zamanı bağlamanı A.Karatekenin evinə gətirən taksi sürücüsünün kimliyi müəyyənləşdirilib. Aparılan yoxlama nəticəsində zəhərli qutabları göndərən şəxsin mərhumun qızı və sevgilisi olduğu üzə çıxıb.

Dərhal həbs edilən A.Karatekenin 36 yaşlı qızı və sevgilisinin sözügedən cinayəti mərhumun mirasına sahib çıxmaq üçün törətdikləri üzə çıxıb.