İstanbul hazırda paralel reallıqlar şəhəridir.
Gündəlik mətbuat konfranslarında və Twitter hesabının bioqrafiya hissəsində müxalif CHP partiyasının üzvü Ekrem İmamoğlu özünü yeni mer kimi təqdim edir.
Həftə sonu baş tutan bələdiyyə seçkisinin ilkin nəticələri onun 25 min səslə qalib gəldiyini göstərib.
Lakin şəhər boyunca hakim AK partiyası, İstanbulda qələbə qazanacağı düşünülən namizəd Binali Yıldırımın və prezident Recep Tayyip Erdoğanın şəkilləri olan plakatlar asıb.
Hökumət İstanbul nəticələrinə etiraz edərək, səslərin yenidən sayılmasını istəyib.
Hakim partiya Türkiyənin bir çox bölgəsinə qalib gəlsə də, paytaxt Ankara və İzmirdə məğlub olub. AKP həm də CHP-nin Ankaradakı qələbəsinə etiraz edir.
Görünür ki, prezident Erdoğan İstanbulu əldən buraxmaq niyyətində deyil. Bir vaxtlar özünün də mer olduğu bu şəhər, Türkiyənin iqtisadi güc mənbəyidir.
AKP etibarsız səslərlə seçki nəticələrinin dəyişildiyini deyir və bunu “Türkiyə demokratik tarixinin ən böyük ləkəsi” adlandırır.
“Əlbəttə ki, razı deyiləm,” cənab İmamoğlu deyir.
“Dünənə qədər hökumət və hakim partiya Türkiyənin mükəmməl səsvermə sistemi olduğuna iddia edir və təriflər yağdırırdı. Həmin gecə səsvermə məntəqələrində bir milyon insan çalışıb. Əgər hər hansısa şübhəli fəaliyyət olsa idi, onlar həmin halı qeydə alar və yazılı məruzə hazırlayardılar. Burada rəsmi prosedur belədir”, o deyir.
“Vəziyyəti yalnız bu cür izah edə bilərəm: onlar məğlubiyyətlərinə görə bəhanələr uydururlar”, cənab İmamoğlu əlavə edir.
Hökumətin etirazı “riyakarlıq” iddialarına səbəb olub. Hökumət, müxalifətin 2014-cü il seçkilərində Ankara nəticələrinə etiraz haqqını tanımamışdı.
Və Türkiyənin siyasi sistemini prezident Erdoğannın xeyrinə dəyişən 2017-ci il referendumunda səslərin hesablanmasını, möhürlənməmiş seçki bülletenlərini də qəbul edən seçki idarəsi aparıb.
Müxalifət partiyaları o zaman saxtakarlıq barədə iddialara reaksiya versələr də, hökumət tərəfindən susdurlublar.
Ankara, İstanbul və başqa bir neçə şəhərdəki məğlubiyyət cənab Erdoğan və 16 illik hakimiyyəti üçün ciddi zərbə ola bilər.
Ekrem İmamoğluna sual verirəm ki, vəziyyət, prezidentin hakimiyyətinin sonunun başlanğıcı ola bilərmi?
“Hər şeyin bir sonu var,” o cavab verir.
“Partiyaların, hökumətlərin, həyatın da. Cənab Erdoğan hakimiyyətdə 17-ci ilini başa vurur. Problemlər və bizim bəyənmədiyimiz şeylər mövcuddur, lakin bu, siyasi qələbədir. Bunun da bir sonu olacaq, əlbət.”
CHP-nin İstanbul və Ankarada açıq qələbəsi müxalifətin tənəzzülü və parçalandığı düşüncəsini dəyişdi. Və bu, cənab Erdoğanın sarısılmazlıq havasını da qırdı.
Bəs Türkiyənin növbəti prezidenti Ekrem İmamoğludurmu deyə, sual edirəm.
“Allah bilir,” o, gülərək cavab verir.