Qısa müddət əvvəl yayımlanan “Nüvə hədəfdən yayındırmaqda yeni dövrdürmü? Müasirləşmə, silah nəzarəti və müttəfiq nüvə gücləri” adlı NATO hesabatında ABŞ-ın Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə gizlədilən nüvə silahlarının yeri açıqlanıb.
Terefsiz.az xəbər verir ki, hesabat qısa müddət sonra silinib. Yayımlanan yeni versiyasında nüvə silahlarının yerinin göstərildiyi qismi çıxarılıb.
Hesabata əsasən, 150-ə yaxın silahın Avropada gizlədildiyi məlum olub.
Belçikanın “De Morgen” qəzetinin məlumatına əsasən, bu 150 nüvə silahı Belçikanın “Kleine Brogel”, Türkiyənin “İncirlik”, İtaliyanın “Aviano” və “Ghedi-Torre”, Hollandiyanın “Volkel” bazalarında saxlanılır. Xəbərdə Türkiyədəki dövlət çevrilişinə cəhd və Suriyada qeyri-sabitliyə görə nüvə silahlarının “İncirlik”də saxlanılmasının risk daşıdığı qeyd olunub.
NATO ABŞ-ın Avropadakı nüvə silahlarının yeri ilə bağlı rəsmi açıqlama vermir. Bunu adının açıqlanmaması şərtilə “Vaşinqton Post”a danışan NATO rəsmisi deyib.
terefsiz.az