UEFA Aleks Ferqyusona 40 ildən sonra medal verəcək

0
71

İngiltərənin “Mançester Yunayted” və Şotlandiyanın “Aberdin” komandalarının sabiq baş məşqçisi Ser Aleks Ferqyuson 1982/1983 mövsümündə UEFA Kuboklar Kubokunu qazandığı üçün medal alacaq.

“Terefsiz.az” BBC-yə istinadən xəbər verir ki, Aberdin şəhərinin eyniadlı təmsilçisi 1983-cü ildə 82 yaşlı mütəxəssisin rəhbərliyi altında sözügedən turnirin finalında İspaniya “Real Madrid”ini məğlub edib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxtda Con Hyuitt “Aberdin”ə qələbə qazandırıb.

Medallar qalib komandada start heyətin 11 futbolçusu, həmçinin, ehtiyatda qalan 5 oyunçuya təqdim olunub. Amma həmin görüşün 40 illiyi münasibətilə UEFA Ferqyusonu mükafatlandırmaq qərarına gəlib. Şotlandiyalı mütəxəssisin ovaxtkı köməkçisi Arçi Noks və zədə səbəbindən final oyununa çıxa bilməyən yarımmüdafiəçi Duqi Bell də medal alacaq.

Qeyd edək ki, Ser Aleks Ferqyuson məşqçi kimi karyerasında ümumilikdə 49 kubok qazanıb.

terefsiz.az