Uelsli müdafiəçi: Azərbaycan yığması Beylin oynamasından narahat olacaq”

0
204

“Bizim elə kollektivimiz var ki, hamı ölkəmiz naminə hər zaman oynamağa hazırdır”.

Terefsiz.az -ın məlumatına görə, bunu Uels millisinin futbolçusu Ben Devis Azərbaycan və Macarıstan yığmaları ilə keçirəcəkləri AVRO-2020-nin seçmə matçları ərəfəsində hazırlıq prosesində İspaniya “Real Madrid”inin yarımmüdafiəçisi Qaret Beylin də iştirakını şərh edərkən deyib. 26 yaşlı cinah müdafiəçisi bildirib ki, komandada Beyl kimi futbolçunun olması digər oyunçular üçün nümunədir: “İstənilən komanda Beylsiz Uelsə qarşı oynamaq istərdi. Qaretin necə məşq etdiyini görmək komandamız üçün böyük motivasiyadır. Kollektiv məşqlərdə çətinlik çəkmədən uzun müddət iştirak etdi və yaxşı təsir bağışladı. O, zədədən sonra bərpa dövründə milliyə qoşulmaqla, bizi daha da gümrahlaşdırdı. Seçmə matçlar öncəsində fiziki hazırlıq səviyyəsi barədə şayiələr dolaşırdı. Amma indi bizimlədir və 90 dəqiqə oynayaraq, daimi performansını yenidən ortaya qoymaq istəyindədir. Əminəm ki, Azərbaycan yığması bundan narahat olacaq”.

Devis Aaron Remsinin uzunmüddətli zədədən sonra ilk dəfə millinin toplanışında iştirakını da şərh edib: “Rembo kimi keyfiyyətlərə malik oyunçularımızın olması da diqqətəlayiqdir. Bu, Aaronun yoxluğunda son bir ildə nə qədər irəli getdiyimizi göstərir”.

İstedadlı futbolçu qarşıdakı oyunları dəyərləndirərkən, komandada həyəcanın olduğunu etiraf edib: “Hamı ilk növbədə, Azərbaycanla görüşdə qalib gəlməyi düşünür. Həftəsonu qələbə qazanmasaq, Macarıstanla matçın əhəmiyyəti qalmayacaq. Erkən qol vurmağa cəhd etsəniz, Bakıdakı qarşılaşma əsəbi alına bilər. Amma əsəbiləşməyə gərək duymamalıyıq. Matç 90 dəqiqədən ibarətdir. Qolu 90-cı, yoxsa 1-ci dəqiqədə vurmağın bizim üçün fərqi yoxdur. Sadəcə, səbirli olmalı və plana uyğun hərəkət etməliyik. Komandada çoxlu gənc, uğura ac və istedadlı oyunçu var. Onlar AVRO-2016-da etdiklərimizi təkrarlamaq istəyirlər. Qarşıdakı görüşlərdən gözləntilər böyükdür. Ona görə ki, artıq hansı keyfiyyətlərə qadir olduğumuzu göstərmişik”.

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə britaniyalılar son seçmə oyunda Macarıstanı qəbul edəcəklər. Hazırda 8 xalla E qrupunda 4-cü yerdə gedən Uels yığması bu qarşılaşmalardan qalib ayrılmasa, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməyəcək.