Ulu öndər Heydər Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında mühüm rol oynayıb.

0
185

Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanın Batumi şəhərində də ehtiramla anılıb.

Terefsiz.az xəbər verir ki, dekabrın 11-də Azərbaycanın Batumi şəhərindəki baş konsulluğu tərəfindən ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Tədbirdə Acarıstan Muxtar Respublikasının nazirləri, Batumi şəhərinin meri, Türkiyənin bu şəhərdəki baş konsulu, “SOCAR-Batumi” şirkətinin rəhbərliyi, Kulevi QDT-nin təmsilçiləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə tədbirdə çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, vəfatının 16-cı ildönümündə xatirəsini dərin hörmətlə andığımız, adını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdıran Heydər Əliyev dahi şəxsiyyətlərdən biridir. Hələ sağlığında millətimizin Ümummilli Liderinə çevrilmiş bu böyük düha sahibi özündən sonra elə bir miras qoymuşdur ki, neçə-neçə nəsillər ondan bəhrələnəcək. Məhz Ulu Öndərin təməlini qoyduğu sülh strategiyası, səmimi və mehriban qonşuluq, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq, dostluq siyasəti bu gün onun göstərdiyi yolun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Pərviz İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.

Acarıstan Muxtar Respublikasının Səhiyyə və Əhalinin Sosial Müdafiəsi naziri Zaal Mikiladze çıxışında deyib ki, Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr çox qədim tarixə malikdir. Bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Bizim bir sıra ortaq dəyərlərimiz var.

“Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkmək istəyirəm. Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biridir. O, çətin zamanlarda ölkəyə rəhbərlik edərək, ona yenidən sülh, iqtisadi və siyası müstəqillik qazandırıb”, – deyə nazir vurğulayıb.

Zaal Mikiladze bildirib ki, hazırda Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edən müasir ölkəyə çevrilib, eyni zamanda, çoxəsrlik ənənələrini qoruyub saxlayıb.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film və fotosərgi nümayiş etdirilib.

Mərasimdə baş konsulluq tərəfindən ehsan süfrəsi açılıb.

Tədbir və baş konsulun müsahibəsi “TV 12” telekanalı vasitəsilə yayımlanıb.

 

İstinad: AZƏRTAC