Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

0
298

Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, YAP Səbail rayon Təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 Terefsiz.az xəbər verir ki,  tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, Milli Məclisin üzvü Şəmsəddin Hacıyev, M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov, İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və bir çox ziyalılar iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İlk öncə tədbir iştirakçıları Ümummillli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəliklə sükutla yad edib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq Ümummilli Lider Heydər Əliyevin fəal ictimai-siyasi həyatından, 1969-cu ildən başlayaraq Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, müstəqil Azərbaycanın inkişafındakı əvəzsiz xidmətlərindən geniş söhbət açıb. Bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə bir çox sahələrdə, o cümlədən Azərbaycanda təhsil, elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika, neft-kimya sahəsi inkişaf edib, qısa zaman ərzində xalqımızın maddi və sosial rifahı yüksəlib. Ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan xalqının xaosdan, hərc-mərclikdən xilas olduğunu, milli dövlətçiliyimizin qorunub saxlanıldığını, Azərbaycan dövlətinin sürətlə dünya birliyinə inteqrasiya etdiyini, dünya arenasında öz sözünü deyən qüdrətli dövlətə çevrildiyini söyləyən Prof. Kərim Tahirov Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik prinsiplərinin, siyasi ideyalarının onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin fəal ictimai-siyasi həyatından bəhs edən videoçarx nümayiş olunub.

Yap Səbail rayon təşkilatının sədri, Milli Məclisin üzvü, prof. Şəmsəddin Hacıyev çıxış edərək Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın parçalanaraq məhv olmaq təhlükəsindən xilas olduğunu, yeni iqtisadi sistemin formalaşdığını, torpaq islahatlarının aparıldığını, bütün sferalarda müvafiq qanunlar imzalandığını, Atəşkəsin yarandığını qeyd edib. Şəmsəddin Hacıyev çıxışında Azərbaycanı mürəkkəb və çətin şəraitdən çıxaran, bütün xalqı vahid amal uğrunda birləşdirən, böyük dövlətçilik təcrübəsinə malik şəxiyyət, Ümummilli Lider Heydər Əliyevin güclü siyasəti sayəsində bu gün müstəqil Azərbaycan Respublikasının günü-gündən inkişaf etdiyini, aparıcı dövlətlər sırasında öz sözünü deyən qüdrətli dövlətə çevrildiyini və Heydər Əliyevin Azərbaycançılıq siyasi ideyasının prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyib.

YAP Siyasi Şuranın üzvü “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə ordu quruculuğunun yarandığını, yenidənqurma işlərinin aparıldığını, beynəlxalq aləmlə əlaqələr bərpa olunduğunu, dövlət proqramları qəbul olunaraq Azərbaycanın qüdrətli dövlətə çevrildiyini söyləyib.

Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi həyatından söhbət açaraq, onun Azərbaycançılıq ideyalarının gələcək nəsillərə çatdırlmasının ziyalıların ən ümdə borcu olduğunu bildiriblər.

Daha sonra gənc şair Sevindik Nəsiboğlu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Ulu Öndərimiz” şeirini səsləndirib.

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” mövzusunda geniş kitab sərgisi ilə tanış olub

 

Fotolar: Sadıq Əliverdibəyli