UNICEF və Azərbaycanın təhsil qurumları yeni mobil tətbiq vasitəsilə uşağın erkən inkişafını dəstəkləyir

0
152

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və UNICEF-in birgə təşəbbüsü ilə valideynlər üçün www.ilk5il.az təhsil portalı və ilk5il mobil telefon tətbiqi onlayn rejimdə istifadəyə verilib.

UNİCEF-dən verilən məlumata görə, hər iki platforma uşaqların erkən inkişafını dəstəkləmək məqsədilə valideynlərin bilik və bacarıqlarını artıracaq.

iOS və “Android” əməliyyat sistemlərində istifadə oluna biləcək mobil telefon tətbiqi UNICEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən 2020-ci ilin əvvəllərində hazırlanıb. Onun hazırlanmasında məqsəd 0-5 yaş arasında uşaqların valideynləri üçün uşaq sağlamlığı, qidalanma, erkən yaş dövründə təhsil və uşağın rifahı haqqında məlumatları bir mənbədən təmin etməkdir.

“COVİD-19 ilə bağlı cari karantin tədbirlərinə riayət edən ailələrin sayı artdıqca məlumatlara çıxış və rəqəmsal kanallar vasitəsilə təlimatlanma getdikcə daha vacib olur”, – deyə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.

O qeyd edib ki, yeni veb-sayt və mobil tətbiq valideynlərə, azyaşlı övladlarının bütün günü evdə olduğu zaman fəal, öyrənən və sağlam olmaları üçün praktiki dəstək olacaq.

Valideynlik portalı UNICEF-in, onun hökumət və qeyri-hökumət sektorlarında tərəfdaşlarının danışmaq, mahnı oxumaq və oxu kimi məşğuliyyətlərin, uşaqlara erkən fiziki və zehni inkişafda necə kömək etdiyinə dair faydalı bələdçi təlimatların təqdim olunması üzrə Azərbaycanda daha genişmiqyaslı səylərinin bir hissəsidir.

Təhsil İnstitutunun direktoru Emin Əmrullayev vurğulayıb ki, onların məqsədi hər bir uşağa, sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, kömək etməkdir: “Biz valideynlərin ən yaxşı tərbiyəçi olduğuna inanırıq və onların iştirakı yüksək keyfiyyətli təhsilə və fərdi inkişafa nail olmaq baxımından həlledicidir. UNICEF-lə bu baxışı paylaşaraq, biz birlikdə həmin arzunun gerçəkləşdirməyə çalışırıq. Biz çox sadə həll təklif edirik – ev şəraitində uşaqlarla oyunu məsləhət görürük. Uşaqlarla daha çox oyun hər kəs üçün daha yaxşı gələcək deməkdir”.

Mobil tətbiq uşaqlarla oxumağın vacibliyi, oyunlar vasitəsilə təhsil və erkən dövrlərdə uşağın ev şəraitində inkişafını təkmilləşdirə biləcək digər amillər haqqında valideynləri anlaşılan məlumatlarla təmin edir. Mobil tətbiq, həmçinin ailələrə və uşaqlara, azyaşlılar üçün oyun ideyaları və hekayələr daxil olmaqla, çoxsaylı praktiki tövsiyələr təklif edir.

UNICEF məktəbəqədər təhsilin olmadığı kənd yerlərində və ucqar ərazilərdə 3-4 yaşlı uşaqlar üçün uğurlu İcma əsaslı Erkən Təhsil Mərkəzi modelinin qurulması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyini və Təhsil Institutunu dəstəkləyib. Avropa İttifaqı və UNICEF-in maliyyə dəstəyi ilə həmin model sonradan 320 mərkəz sayına qədər artırılıb və 2020-ci il boyunca 6 200-dən çox uşaq yaşadıqları icmalarda model vasitəsilə erkən təhsil imkanları ilə təmin olunub.