“Uşaq çığırırdı ki, anamı öldürdü, kömək edin” – Nizami rayonunda ana və iki övladının qətlində polisin fəaliyyətsizliyi iddiaları “araşdırılır”

0
189

Bazar günü Bakının Nizami rayonunda ana və iki övladının qətlə yetirilməsində polisin müdaxilə etməməsi iddiaları “araşdırılır”, hakimiyyət deyir.

Qətlə yetirilən ailənin qonşuları iddia ediblər ki, münaqişə olan evdən kömək diləyən səslər gəlib və onlar polis çağırıblar, amma polis müdaxilə etmədən çıxıb gedib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bazar günü 39 yaşlı Gülnar Qaraxanova və onun 14 və 11 yaşlı iki övladı Lamiyə və Ataxan Qaraxanovalar yaşadıqları mənzildə öldürülüblər və qətli törətməkdə şübhəli bilinən şəxs Əhəd Əliyev saxlanılıb.

TEREFSİZ.AZ saytı xəbər verir ki, Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yaşayan Şəbnəm Qurbansoy BBC News Azərbaycancaya deyib ki, qonşular polis çağırıblar, lakin əraziyə gələn polis əməkdaşları “ailə münaqişəsi” olduğunu deyərək mənzilə daxil olmayıblar.

“Evdən uşaqların qışqırıq səsləri gəlirdi. Biz qonşular çölə çıxdıq. Uşaq çığırırdı ki, anamı öldürdü, kömək edin. Biz də yığışdıq qapını açmaq istədik, amma içəridən kimsə müqavimət göstərirdi qapını aça bilmədik”, – Şəbnəm Qurbanova deyib.

Onun sözlərinə görə, evdə olan uşaqlardan biri polisə yalan deyib və polis də bunu yoxlamadan çıxıb gedib, qonşulara da deyib ki, dağılışın.

“Gələn polis qapıdan dedi ki, gələn polis əmidir. Uşaq səsi də içəridən dedi ki, aşağı qiymət almışam deyə atam evdə əsəbləşib. Bu sözlərdən 2-3 dəqiqə sonra polislər çıxıb getdilər”, – Şəbnəm Qurbanova bildirib.

“Polis əməkdaşlarının ünvana gedib-getməməsi, orada olub-olmamaları xidməti yoxlamada araşdırlır. Hələ ki, istintaq gedir və bu xidməti araşdırmanın nə qədər çəkəcəyini indidən demək tezdir. Bütün iddialar araşdırılır”, – DİN bildirib.

Qonşu bildirib ki, sonra sakitlik olub və onlar ailə münaqişəsinin sakitləşdiyini düşünüblər, amma səhəri öldürülən qadının bacısı gəlib evə daxil olanda ailənin qətl edildiyini görüb.

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, qətllə bağlı prokurorluqda cinayət işi başlayıb, istintaq gedir və polisin hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli xidməti yoxlama aparılır.

“Polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək”, – Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev deyib.

DİN bildirib ki, cinayət tamahkarlıq məqsədilə törədilib, hər hansı ailə münaqişəsi olmayıb.

Nazirlik elan edib ki, saxlanılan Əhəd Əliyevdən 20 min manat tapılıb. Onun həmin pulları öldürdüyü adamların evində götürdüyü bildirilib.

Qonşular deyib ki, bir neçə ildir həmin ünvanda kirayədə yaşayan ailə ilə bağlı indiyədək heç bir diqqət çəkən məqama rast gəlməyiblər. İlk dəfə həmin ailənin evindən belə zorakılığı göstərən səslər eşidiblər.

Azərbaycan Baş Prokurorluğu elan edib ki, qətlə yetirilənlər kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölüblər.

Prokurorluq Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlayıb, istintaq gedir.

Terefsiz.az