ÜST: 2022-ci ildə azı 15 min avropalı istilər səbəbindən ölüb

0
133

2022-ci ildə azı 15 min avropalı istilər səbəbindən həyatını itirib.

“Terefsiz.az” xəbər verir ki, bu məlumatlar Şarm əl-Şeyxdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP-27) Tərəflərin 27-ci Konfransının açılışı ilə əlaqədar ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüge tərəfindən dərc edilmiş bəyanatda verilib.

“Ölkələr üzrə təqdim edilən məlumatlara əsasən, 2022-ci ildə ən azı 15 min insanın istilər səbəbindən öldüyü güman edilir. Onların arasında İspaniyada təxminən 4 min, Portuqaliyada mindən, Böyük Britaniyada 3,2 mindən, Almaniyada 4,5 mindən çox insanın öldüyününə dair səhiyyə orqanları yay fəslinin üç ayı üçün hesabat verib”, – H.Klüge vurğulayıb.

Bədənin özünü soyuda bilmədiyi istilik stressi Avropa regionunda hava ilə bağlı ölümün əsas səbəbidir. Temperaturun həddindən artıq artması ürək-damar, tənəffüs və serebrovaskulyar xəstəliklər də daxil olmaqla xroniki xəstəlikləri və şəkərli diabetlə əlaqəli durumları ağırlaşdıra bilər.

Daha çox ölkənin həddindən artıq istilərlə bağlı ölümlər barədə məlumat verəcəyi gözlənilir. Məsələn, Fransada Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) 2022-ci il iyunun 1-dən avqustun 22-dək COVID-19 pandemiyasından əvvəlki keçən il olan 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 mindən çox insanın öldüyünü bildirib. INSEE bu rəqəmlərin “ehtimal ki, iyunun ortalarında ilkin istilik dalğasından sonra iyulun ortalarında baş verən istilik dalğası ilə əlaqədar olduğunu” irəli sürüb.

Klüge qeyd edib ki, Avropada temperatur onillik üzrə orta hesabla 0,5°C sürəti ilə 1961-2021-ci illər ərzində əhəmiyyətli dərəcədə artıb:

“Ümumdünya Meteorologiya Təşkilatının bu həftə açıqladığı hesabata görə, bu, ən sürətli istiləşmənin müşahidə olunduğu bölgədir. Son 50 ildə ekstremal temperaturlar Avropa regionunda 148 mindən çox insanın ölümünə səbəb olub. O vaxtdan bəri sadəcə bir il ərzində azı daha 15 min nəfər itirmişik”.

Klüge həmçinin xatırladıb ki, 2021-ci ildə hava və iqlim hadisələri yüzlərlə insanın ölümünə səbəb olub və yarım milyondan çox insana birbaşa təsir edib. Bu hadisələrin təxminən 84 %-i daşqınlar və ya tufanlar olub.

terefsiz.az