Üzeyir bəy Hacıbəylinin vəfatının 71-ci ildönümüdür.

0
158

Bu gün Azərbaycan professional musiqisinin banisi dahi bəstəkar, musiqişünas – alim, pedaqoq, publisist, dramaturq,  ictimai xadim, müsəlman şərqində ilk operanın müəllifi, SSRİ xalq artisti Üzeyir bəy Hacıbəylinin vəfatının 71-ci ildönümüdür.

Terefsiz.az bildirir ki, çoxşaxəli yaradıcılığı ilə fəaliyyət göstərdiyi hər bir sahədə ilk növbədə öz vətənini, xalqının mədəniyyətini düşünən Üzeyir bəy Azərbaycanın musiqi mədəniyyətinin inkişaf yollarının axtarışında çətinliklər, maneələrlə üzləşsə də öz qətiyyətliliyi, mübarizliyi sayəsində  bu yolda xalqı üçün böyük nailiyyətlər əldə edə bildi. Bütün bunlarla yanaşı, o həm də xeyirxah insan, tələbələrinə ata qayğıkeşliyi ilə yanaşan müəllim, böyük vətənpərvər idi. Üzeyir bəyin yaradıcılığı bizim mədəni sərvətimizdir. Bildiyimiz kimi bəstəkarın anadan olduğu gün – 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur. Lakin bəstəkarın anım günü (23 noyabr) də qeyd olunmalıdır. O bizim musiqimizin yaradıcısı, Dövlət Himnimizin müəllifidir. Onun qoyub getdiyi mədəni sərvəti biz daim qorumalı, layiqincə hörmət etməliyik.

Burada Ulu öndər Heydər Əliyevin Üzeyir Hacıbəylinin yaradıcılığı haqda dediyi sözü yada düşür: “Üzeyir Hacıbəyli bizimdir – bütün varlığı, yaradıcılığı ilə”.

Ənənəyə sadiq qalaraq hər il olduğu kimi bu il  də 23 noyabr tarixində bəstəkarın ev muzeyinin əməkdaşları Üzeyir bəyin  məzarını ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad etdilər. Ziyarət zamanı bəstəkarın məzarı üstə qərənfillər düzüldü, ruhuna dualar oxundu.

ALLAH rəhmət eləsin!

foto: Sadıq Əliverdibəyli