Müraciətdə Hacı Şahin Həsənli ölümlə hədələnir.
Azərbaycanda sosial şəbəkələr vasitəsilə məzhəblərarası qarşıdurmaya və şiə-müsəlmanlarının din xadimi kimi tanınan Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışları yer alıb.
Terefsiz.az AzNews.az-a istinadən xəbər verir ki, “facebook” şəbəksində “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçən şəxs “İran Şeytanları Respublikası” adlı profildə əhli-sünnə məzhəbindən olan dostlarına salam göndərərək, Azərbaycandakı şiələrə qarşı başlanacaq silahlı mübarizəyə hazır olmağa çağırıb.
Həmin şəxs bu günə kimi internet resursları vasitəsilə daima Azərbaycandakı məzhəb dostlarını mücadiləyə səslədiyini, lakin qarşısının alındığını da deyərək, bundan sonra “Enekin Skayvoker” adlı profil vasitəsiylə əlaqə saxlayacağını söyləyib.
“Enekin Skayvoker” bundan başqa Fərman Çətin adlı birinin əlində hərbi təyinatlı bıçaq tutmuş şəkli, Mirzəhməd Əl-Qusari adlı digərinin isə əli ilə müəyyən işarə göstərdiyi fotosu da yayıb. Şəkilin altında isə Azərbaycanda şiələrə qarşı hədə dolu ifadələrlə yanaşı, Hacı Şahin Həsənlini qətlə yetirmək üçün məzhəb qardaşlarının uzun müddətdən bəri hazırlıq gördüyü də öz əksini tapıb.
Şəkilaltı yazıda bildirilib ki, Fərman Çətinin ən böyük layihələrindən biri Hacı Şahin Həsənlini qətlə yetirməkdir:
“Hal-hazırda Əmir Fərman Çətin Qusar rayonun meşəsindədir. O, orada baza qurub, əhatəsində minalar qoyulmuşdur. Şeyx Mirzəhməd Əl-Qusari bir çox yerlərdə İslam təhsil almış elmi tələbəsidir. O, Əmir Fərman Çətinə Azərbaycanda şiələrə qarşı cihad etməyi fətva verib. Əmir Fərman Çətin Suriyada şiələrə qarşı qələbəni gözləyir, o zaman həmin hadisələr Azərbaycanda baş verəcək”.
Sonda isə “Allah meşə qardaşlarını qorusun! Amin!” fikri yer alıb.
Şəklin kənarındakı şərh yerlərində isə profil sahibinin dostları rəyləri ilə statusu bəyəndiklərini öz mülahizələri ilə bildiriblər.