Vaşinqtonda Xocalı soyqırımının 31-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

0
89

ABŞ Vaşinqton şəhərində, dünyaca məşhur Kennedi sənət mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 31-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, ölkəmizin ABŞ-dakı səfirliyinin təşkil etdiyi tədbirdə müxtəlif ölkələrin ABŞ-da akkreditə olunmuş səfirləri və diplomatları, beyin mərkəzlərinin təmsilçiləri, ABŞ ictimaiyyətinin nümayəndələri, habelə azərbaycanlı icmasının aktivləri iştirak edib.

Gecədə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim çıxışında bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Səfir əlavə edib ki, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin bir parçası olub.

Türkiyənin ABŞ-dakı səfiri Murat Mərcan, ABŞ-ın Karolina Sülh Mərkəzinin qurucusu Faysal Xan XX əsrin faciəsi haqqında fikir və düşüncələrini paylaşıblar.

Anım tədbirində Xocalı soyqırımının nəticələrinə şahidlik etmiş, amerikalı səyyah və jurnalist, “Azərbaycan Gündəliyi” kitabının müəllifi Tomas Qoltzun səfirlik tərəfindən əvvəlcədən qeydə alınmış video müraciəti təqdim olunub.

O, Xocalı ilə bağlı şahidi olduğu dəhşətləri və həmin tarixdə baş vermiş tarixi hadisələri qonaqların diqqətə çatdırıb. T.Qoltz beynəlxalq müstəvidə Xocalıya ədalətin hələ də təmin olunmadığını, bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.O, “Azərbaycan Gündəliyi” kitabının davamı olaraq, yeni kitab üzərində işlədiyini və bu kitabda Azərbaycanın mədəniyyətini, ənənələrini, mətbəxini və insanların tolerantlığını tərənnüm edəcəyini qeyd edib.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan muğamının tədqiqatçısı və “Amerika Muğam Cəmiyyəti”nin rəhbəri amerikalı Cefri Verbokun və “Milli musiqi və qlobal mədəniyyət” cəmiyyətinin rəhbəri və tanınmış pianoçu Nərgiz Əliyarovanın ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş klassik qərb və azərbaycanlı bəstəkarların əsərlərindən və muğamdan parçalar ifa olunub.

terefsiz.az