Vaxtı keçmiş reklam – səhlənkarlıqdır, yoxsa istehlakçını aldatma cəhdi?

0
91

Azərbaycanda bir çox hallarda istehlakçılar çaşdırıcı, fikir qarışdıran reklamlarla rastlaşırlar. Bunların arasında artıq kampaniya vaxtı bitsə də, yayımı dayandırılmayan reklamlar da var. Reklama aldanaraq həmin xidmətin arxasınca yönələn müştəri nəticədə aldadıldığını hesab edir. Məsələn, bankların, geyim mağazalarının, marketlərin reklam kampaniyalarında qiymətlərin aşağı olması, “2 ay birdəfəlik ödə, 3-cü ay pulsuz” kimi banerlər və ya digər reklam xarakterli kampaniyalar bu qəbildəndir.

Bu isə istehlakçı hüquqlarının pozulması anlamına gəlir.

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən  bildirib ki, “Reklam haqqında” Qanunun 4-cü maddəsinə əsasən, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

“Həmin Qanunun 7-ci maddəsinə əsasən, əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatlar təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edilən reklam qeyri-dəqiq hesab olunur ve qeyri-dəqiq reklama yol verilmir.

Bununla yanaşı, “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinə əsasən, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmaqla istehlakçıların çaşdırılması haqsız rəqabətə səbəb olur və haqsız rəqabətə yol verilmir”, – açıqlamada deyilir.

Qeyd olunub ki, antiinhisar qanunvericiliyinin pozulması halları Nazirlər Kabinetinin 29.05.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən araşdırılır.

Bildirilib ki, həmin qaydalara əsasən, antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri əlavə olunmaqla antiinhisar orqanına təqdim edilməlidir.

“Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir. Odur ki, bazar subyektləri tərəfindən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunduqda qeyd olunan qayda va tələblərə uyğun müraciət edildikdə həmin məsələ araşdırılaraq barəsinda müvafiq tədbirlər görülə bilər”.

terefsiz.az