“Wolt” şirkəti iki gündür əməkdaşlarının tətil keçirməsi ilə bağlı məsələyə münasibət bildirib

0
76

“Wolt” şirkəti iki gündür əməkdaşlarının tətil keçirməsi ilə bağlı məsələyə münasibət bildirib.

Şirkətin  açıqlamasında onların xidmət göstərmək istəməməsi ilə bağlı seçimlərinin hörmətlə qarşılandığı qeyd olunub:

“Dünən və bu gün bir kuryer qrupu Bakıda tətil keçirir. Onların sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşırıq. Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətmək ilə əks etdirir. Bu qrup, populyar restoranların qarşısında yığışaraq işləmək istəyən kuryer-partnyorlara sifarişləri götürməyə imkan vermir.

Bəzi kuryerlərin narazı olub işləməməsinə anlayış ilə yanaşsaq da, çoxluq təşkil edən razı kuryer-partnyorların güc ilə qarşısını kəsib, həm onların, həm də restoranların qazanc əldə etməsinə maneyə olmasını heç bir şəkildə qəbul edə bilmərik. Biz bu məlumatı işləməyə çalışan başqa kuryer-partnyorlardan almışıq. Aldığımız məlumata əsasən, kuryerlər sifarişləri götürmək istəyən zaman bu qrup tərəfindən şifahi və fiziki cəhətdən təhdid və təhqir olunurlar. Çalışmaq istəyən kuryerlərin sifariş çatdıraraq pul qazanmağa yeganə yolu fiziki mübarizə yolu ilədir. Bu növ davranış qəbulolunmazdır və mütləq şəkildə dərhal dayandırılmalıdır. Qazanc əldə etmək istəyən kuryer-partnyorların işinə heç bir maneə göstərilməməlidir.

Anladığımıza görə, hazırkı narazılıq avqust ayının 29-da ödəniş modelimizə etdiyimiz dəyişikliklər ilə bağlıdır. Bu dəyişikliklər öncədən 12 avqust tarixində detallı şəkildə bütün kuryer-partnyorlara təqdim olunmuşdur. Eyni zamanda, 15 və 16 avqust tarixlərində kuryer-partnyorların fikirlərini oyrənmək üçün müvafiq videogörüşlər keçirilmişdir.

Yeni modelə əsasən kuryerin həm müştəriyə, həm də restorana/mağazaya qədər qətt etdiyi məsafə naviqator əsasında hesablanır. Əsas dəyişiklik məhz budur: öncə məsafə düz xətt ilə, indi isə naviqatora əsasən qurulmuş marşrut üzərindən hesablanır. Kuryer-partnyorlar bu dəyişikliyin tətbiq olunmasını uzun müddət ərzində xahiş edirdi və biz onların istəyini məmnuniyyət ilə həyata keçirdik.

Eyni zamanda çatdırılan bir neçə sifariş üçün tək ödəniş olunması barədə iddialar var, lakin bu həqiqəti əks etdirmir. Eyni anda iki sifarişi çatdırarkən kuryer-partnyorlarımız həm götürülmə, həm də çatdırılma üçün iki dəfə ödəniş alır. Tapşırıq zamanı bütün nöqtələr (götürülmə və çatdırılma məkanları) arasındakı məsafələr naviqator əsasında hesablanır və kuryer-partnyorlara kompensə olunur. Belə ki, hər iki sifariş üçün kuryer-partnyorlara ədalətli ödəniş olunur və orta saatlıq qazanc əvvəl də olduğu kimi 5-6 AZN civarında qalır. Bəli, daha uzun məsafələr üzrə qazanclar əvvəlki ilə müqayisədə daha az ola bilər, lakin çoxluq təşkil edən orta və qısa məsafəli tapşırıqlar üzrə qazanclarda hesabladığımız kimi artım müşahidə olunur. Beləliklə, ümumilikdə orta saatlıq qazanc 5-6 AZN civarında qalır. Bu isə o deməkdir ki, ortastatistik kuryer gün ərzində 8 saat işləməklə 40-50 AZN gündəlik qazanc əldə etmək imkanına malikdir.

Son olaraq qeyd etmək istərdik ki, bu dəyişikliklərin ilkin narahatlıqlar doğurduğunu başa düşürük, lakin atılan addımlar qazancı azaltmaq məqsədi ilə icra olunmamışdır. Biz kuryer-partnyorların effektivliyini artıraraq, hər zaman olduğu kimi saatlıq qazancların yüksəlməsi üzərində çalışırıq, və yeni ödəniş sistemi bu məqsədimizdə kömək edir.

Biz, məyus kuryerlərin fikirlərinə hörmətlə yanaşırıq və ilk gündən bəzi kuryer-partnyorlar ilə görüşlər keçirmişik. Görüşləri davam etdirib kuryerlərin fikirlərini dinləməyə açığıq, lakin hamını qanunlara riayət edərək, digər kuryer tərəfdaşlarına və restoranlara qarşı nümayiş etdikləri təzyiqə dərhal son qoyulmasına çağırırıq”.

terefsiz.az