Xəzərdə dəniz avarçəkməsi inkişaf etdiriləcək

0
93

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın (AKAF) hesabat xarakterli mətbuat konfransı keçirilib.

“TEREFSİZ.AZ”ın məlumatına görə, tədbirdə qurumun vitse-prezidenti Fərid Əmirov, baş katib Fərhad Əliyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov iştirak edib.

Əmirov tədbir iştirakçılarını salamlayıb və əsas məqsədlərinin bu idman növünü inkişaf etdirməkdən ibarət olduğunu söyləyib.

Əliyev 2022-ci ildə iki dəfə tədbir təşkil etdiklərini xatırladıb. Federasiya rəsmisi bu gündən “Kiçik Venesiya şəhərciyi”ndə tədbirlər keçirəcəklərini diqqətə çatdırıb. O, gələcək planlarından da danışıb: “Mütəxəssislərin fikrincə, Xəzərdə dəniz avarçəkməsini inkişaf etdirmək olar. Dəniz avarçəkməsində dalğa da ola bilər. Mütəxəssislər də gəlib və həmin vaxt dəniz dalğalı idi. Onların da rəyi müsbət oldu. Bakı ilə bu işi bitirmək istəmirik. Regionlara səyahətlər təşkil edib gənclərlə görüşəcəyik. Müxtəlif bölgələrimizdə göllər var. Artıq cari il bu işə start veriləcək. Dəniz avarçəkmə ilə bağlı legionersiz yeni növü başlamaq çətin olacaq. Çağırılacaq legionerin titulları olacaq və bizə köməkliyi də dəyəcək. Xəzər dənizində avarçəkmənin bu növü ilə bağlı bir neçə yerə baxılıb. Dövlət Bayrağı Meydanı tərəfdə işlər görüləcək”.

Baş katib milli komandanın heyətində həm yerli, həm də legionerlərin məşq etdiklərini, onlardan daha hazırlıqlılarının Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlara yollanacaqlarını vurğulayıb.

Məmmədov isə federasiyanın işğaldan azad olunmuş bölgədə – Suqovuşanda ilk dəfə beynəlxalq yarışın təşkil olunduğunu xatırladıb: “Bu idman növünü inkişaf etdirmək daha çətindir. Çünki hər şey infrastrukdurdan asılıdır. Nazirlik olaraq federasiyaya hər dəstəyi verməyə hazırıq”.

Daha sonra federasiyanın akaf.az adlı yeni rəsmi saytı təqdim olunub. Saytda avarçəkmənin növləri və digər məlumatlar yerləşdirilib.

 

TEREFSİZ.AZ