Xəzər dənizində sərhədçilərin əmrinə tabe olmayan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var

0
60

Xəzər dənizində Azərbaycan sərhədini pozan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Fevral ayının 17-də saat 23:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum hədəf müşahidə edilib və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi tərəfindən ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində Neft Daşlarının şimal-qərbində estakadaların arasında 1 (bir) nəfərin qayığın bortunda olan bağlamaları estakadanın üzərində olan naməlum şəxsə ip vasitəsilə ötürülməsi və estakadanın arasından çıxaraq sürətlə hərəkətini Cilov adası istiqamətində davam etdirməsi müşahidə olunub.

Azərbaycanın ərazi sularında üzmə qaydalarını pozaraq gecə vaxtı strateji əhəmiyyətli infrakstrukturun təhlükəsizlik zonasına daxil olmuş qayığı idarə edən naməlum şəxs sərhədçilərin qanuni dayan tələblərinə məhəl qoymayaraq idarə etdiyi qayığı təqibdən yayınmaq məqsədilə sərhəd gözətçi gəmisinin ön sol bortuna vurub. Daha sonra sahilə doğru hərəkətini davam edərkən idarəetməni itirərək adanın cənub-şərqində olan estakadaya çırpılmış və qayığı idarə edən şəxs baş nahiyəsindən xəsarət alıb.

Sərhəd gözətçi gəmisinin heyəti tərəfindən PR-2077 bort №-li, taxta tipli, yamaha-55 və yamaha-75 mühərrikli qayığın heyət üzvü 02.11.1991-ci il təvəllüdlü Pirallahı rayon, Pirallahı qəsəbə sakini Panfilov Roman Viktoroviç saxlanılaraq gəminin bortuna gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra sahilə çıxarılaraq Cilov adasında yerləşən Xəstəxanaya yerləşdirilib.

Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

terefsiz.az