X Qlobal Bakı Forumu: “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” panel iclası keçirilib

0
67

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

“Terefsiz.az”ın xəbərinə görə, Forum çərçivəsində “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” mövzusunda növbəti panel iclası keçirilib.

2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiçin moderatorluğu ilə keçirilən panel iclasında Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, BMT Baş katibinin keçmiş əvəzi, Çinin Almaniyada keçmiş səfiri Vu Honqbo, Kamboca Milli Assambleyasının sədr müavini Khuon Soudary, Beynəlxalq Sülh Naminə Karnegi Fondunun vitse-prezidenti Evan Feygenbaum, 2002-2004-cü illərdə Macarıstanın Baş naziri Peter Medyeşi, 2004-2007-ci illərdə Pakistanın Baş naziri Şövkət Əziz, Şanxay Əməkdaşlıq Təşkilatının 2016-2018-ci illərdə baş katibi, Tacikistanın 1992-1994-cü illərdə xarici işlər naziri Raşid Alimov və 1989-1991-ci illərdə Rumıniyanın Baş naziri Petre Roman çıxış ediblər.

Panel iclasında ilk çıxış edən Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi BMT Baş katibinin keçmiş əvəzi, Çinin Almaniyada keçmiş səfiri Vu Honqbo deyib ki, son 3 il ərzində bütün dünyada böyük dəyişikliklər baş verib: “İqtisadi inkişaf geriyə atılıb. Bizim dünya artan qeyri-müəyyənliklərlə qarşılaşıb. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan danışmaq olmaz. Biz 800 milyon insanı yoxsulluq vəziyyətindən çıxara bilmişik”.

Onun sözlərinə görə, Çin hazırda konkret addımlar atmaqdadır: “Çinin müasirləşdirilməsi geniş maraq kəsb edir. Biz sülhün olmasını istəyirik. Çinin inkişafı sülh içindədir. Biz dünyada kiminsə kənarda qalmasını istəmirik. Ukraynada nələrin baş verdiyinə baxın. Təcili şəkildə qlobal təhlükəsizlik mühiti yaradılmalıdır. Çin sülhün tərəfdarıdır”.

Diplomat vurğulayıb ki, Tayvan Çinin bir hissəsidir: “Tayvanla bağlı məsələ Çinin daxili işidir. Çin öz təhlükəsizliyini və suverenliyini qoruyacaq”.

Kamboca Milli Assambleyasının sədr müavini Khuon Soudary, Beynəlxalq Sülh Naminə Karnegi Fondunun vitse-prezidenti Evan
Feygenbaum isə bildirib ki, Çin təhlükəsizliyin təmin olunmasına çalışır: “Çin ölkələrin ərazi bütövlüyünün tərəfdarıdır. Son dövrdə Çin texnolojik olaraq inkişaf edib. Çin dünyanın inkişaf olunmasına və sülhün bərqərar olunmasına öz töhfəsini verməkdədir”.

E.Feygenbaum söyləyib ki, qlobal təhlükəsizlik məsələsi çox vacibdir: “Ölkələrin və xalqların arzusu da sülhün olmasıdır. Çin əsasən öz daxili məsələləri ilə məşğul olur. Kamboca və Çin əlaqələrini strateji partnyorluq səviyyəsinə çıxarıblar. Xüsusi fəaliyyət planlarımız da hazırlanıb. Ölkələrimiz arasında mədəni, iqtisadi əlaqələr inkişaf edib”.

2002-2004-cü illərdə Macarıstanın Baş naziri Peter Medyeşi qeyd edib ki, analitiklər Çinin uğursuzluqlara düçar olacağını deyirdilər: “Ancaq bu baş vermədi. Sadəcə bir illizuya idi. Çinin inkişafı indiki dünyada vacib faktordur. Çin son 30-35 il ərzində dünyada çox vacib qüvvələrdən birinə çevrilib. Çin pandemiyadan sonra öz inkişafını bərpa etməyə başlayıb. Yəqin ki, bu il orada iqtisadi inkişaf 5-6 faiz olacaq. Biz Çinin inkişafına böyük dəstək verməliyik”.

Eks-baş nazirin fikrincə, Çindən qorxmaq lazım deyil: “Çin xarici əlaqələr və müdafiə məsələsinə baxmalıdır. Onlar Tayvan məsələsini sülh yolu ilə həll etməyə çalışır. Əlbəttə ki, bu da ən yaxşı variantdır”.

Panel iclası çıxışlarla davam etdirilib.

terefsiz.az