Xiaomi şirkəti Black Shark 2 Pro gamer smartfonunu təqdim etdi

0
188

Terefsiz.az saytı xəbər verir ki, Xiaomi şirkəti Çində yeni gamer smartfonu olan Black Shark 2 Pro-nu təqdim etdi.

Təqdim olunmuş yeni smartfonun əsas özəlliklərindən biri də odur ki, o, bir neçə müddət bundan öncə təqdim olunmuş yeni Snapdragon 855 Plus prosessoru vasitəsilə çalışır. Bu vasitə ilə smartfon məşhur bençmark saytı olan AnTuTu-da 500.000 xal toplayıb.

Bununla yanaşı, Black Shark 2 Pro modeli bir qədər yenilənmiş dizaynı da əldə edib. Bu barədə 4pda saytı xəbər verib.

Black Shark 2 Pro modelini adi Black Shark 2-dən fərqləndirən daha bir özəllik də ondan ibarətdir ki, Black Shark 2 Pro modeli UFS 3.0 standartlı daxili yaddaş həcminə sahibdir. Bu cür standartlı daxili yaddaş həcmi həmçinin OnePlus 7 Pro modelində də istifadə olunur.

Əsas texniki göstəricilərə gəldikdə isə Black Shark 2 Pro smartfonu Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekran, Adreno 640 qrafik sürətləndirici, 12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.75 diafraqmalı Sony IMX586) + 12 MP (f/2.2 diafraqmalı Samsung S5K3M5) ikili arxa kamera, 20 MP-lik (f/2.2 diafraqmalı) ön kamera, 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya, USB-C girişi və ekrana inteqrasiya edilmiş barmaq izi skanı ilə təchiz olunub.

Smartfon həmçinin üçüncü nəsil soyutma sistemini də əldə edib. Gamerlər üçün olan əsas yenilik isə ondan ibarətdir ki, smartfon ekranına toxunuş zamanı ekranın toxunuşa reaksiya müddətinin gecikməsi 43.5 millisaniyədən 34.7 millisaniyəyə kimi azaldılıb.

Şirkətin verdiyi məlumata əsasən bazardakı rəqiblərdən heç biri bu göstəriciyə hələ nail ola bilməyib. Beləliklə 128 GB daxili yaddaşa sahib model 436$-a, 256 GB daxili yaddaşa sahib model isə 508$-a satılacaq. Black Shark 2 Pro 2 avqust tarixində satışa çıxacaq.

Terefsiz.az