“Xorvatlar şoka düşdülər ki, Azərbaycan bizə qol vurub” — Sənan Şəfizadə

0
353

 

“Oyundan əvvəl yerli azarkeşlər bizə “5-6” göstərirdilər. Demək istəyirdilər ki, yenə sizə 5, 6 qol vuracağıq”.

Terefsiz.az xəbər verir ki, bu sözləri  ATV kanalının idman aparıcısı Sənan Şəfizadə “Yeni Sabah”a AÇ-2020-nin seçmə mərhələsində keçirilən Xorvatiya – Azərbaycan (2:1) oyunu haqqında danışarkən deyib.

O, xorvatların komandamızdan bu qolu gözləmədiyini bildirib:

“Nəzərə alsaq ki, ötən rəsmi oyunlarda komanda ümidləri doğrultmamışdı, buna görə də əksəriyyət komandamızdan yaxşı nəticə gözləmirdi. Xorvatiya dünya çempionatında 2-ci yer tutan komandadır, çox güclü heyəti var. Oyundan gözləntimiz çox az idi, amma oyun göstərdi ki, Yurçeviç rəqibi çox yaxşı tanıyır, onları çox yaxşı təhlil edib. Real qol imkanları yaratdıq. 1-ci epizodda şansımız oldu, alınmadı. Lakin 2-ci epizodda Ramil Şeydayev gözəl qol vurdu. Bəlkə, başqa futbolçumuz olsaydı, bu şansdan yararlana bilməzdi, amma Şeydayev fərdi ustalıq göstərdi. Bu qoldan sonra stadionda çox fərqli anlar yaşandı. Xorvatlar şoka düşmüşdü ki, Azərbaycan bizə qol vurub. Çünki oyundan əvvəl yerli azarkeşlər bizə “5, 6″ göstərirdi. Yəni, sizə yenə 5, 6 qol vuracağıq demək istəyirdilər”.

Aparıcı xorvatların oyununu da dəyərləndirib:

“0:1 hesablı nəticədən sonra rəqib özünə gəlməyə başladı. Çətinlik çəkmədən 2 qol vurdular. Deyə bilərəm ki, xorvatlar bizimlə oyunda bütün potensialını göstərmədi. Çünki Luko Modriçə İspaniyadakı oyunlar daha vacibdir, nəinki seçmə mərhələ”.

S.Şəfizadə milli komandada potensiallı futbolçuların az olduğunu və qrupdan çıxacaq şanslı komandalar sırasında olmadığımızı söyləyib:

“Yığmamızın oyunu haqqında nəsə demək tezdir. Yurçeviçin işi çox çətindir. Çünki komandamızda potensiallı futbolçular azdır. Səlahət Ağayev ilk dəfə olaraq diqqəti cəlb etmişdi. Start heyətdə yer almışdı, həyəcanlı idi, müəyyən epizodlarda çaşırdı, səhvləri olurdu. Səlahətə bir neçə oyun şans vermək lazımdır ki, ümidləri doğrultsun.

Məncə, ümumilikdə qrupdan çıxacaq şanslı komandalar sırasında deyilik. Çünki qrupda güclü komandalar çoxdur. Mənə elə gəlir ki, məsələnin əsası iyun ayında Bakıda keçiriləcək rəsmi oyunlar zamanı bəlli olacaq. Qrupdan çıxmaq istəyiriksə, xal deyil, xallar qazanmalıyıq.

Azarkeşlər arasında ümidsizlik o qədər idi ki, heç olmazsa, baxımlı oyun istəyirdilər, müəyyən mənada komanda nəsə etməyə çalışdı. Daha yaxşı nəticə üçün isə zaman lazımdır. Çünki bizim nə Modriçimiz var, nə Rakitiçimiz var. Açıq danışaq ki, oyunçularımız çox zəifdir. Bununla belə milliyə inanırıq və hər zaman komandamızın yanındayıq”.