” XOŞ GƏLDİNİZ ” – Bənövşə Mahmudqızı

0
381

” XOŞ GƏLDİNİZ ”

Məlum məsələdir ki, Azərbaycan dəyərləri olan, özünəməxsus mentaliteti olan ölkədir. Mental dəyərlərimiz içərisində bizə xeyirli olanı da var, olmayanı da var. Ona görə də bəzən gənclər və yaşlılar arasında müəyyən yaş dövrlərində toqquşmalar baş verir. Azərbaycanda davam edən və normal olmayan bir şey də var ki, onun duzəlməyinə, düşünürəm ki, uzun illər var. O da insanların evliliyə hazır olmadan, evlilik psixoloji basqısı və ya məcburi evləndirmə. Belə hallarda əlbəttə ki, ana və ata olmağa hazır olmayan insanların dünyaya uşaq gətirməsi məsələsi önə çıxır. Evlilik barədəsində çox dərinliklərə gedə bilərik. Evlənən hər iki əks cinsin keçmişdə yaşadığı travmalar özünü evlilikdə, övlad tərbiyəsində də göstərir.

Qeyd etdiyim kimi, evlilik barəsində çox danışa bilərik. Bu dəfəlik evlilik və övlad tərbiyəsi problemlərini kənara qoyaraq, birbaşa müharibə şəraitində yaşayan, terrora məruz qalmış uşaqların psixologiyasından bəhs edəcəm.

Nəticə etibarilə, hazırda, yəni 2020cil ildə Azərbaycan öz torpaqlarını geri qaytarmaq uğrunda döyüşlər aparır. Lakin bu döyüş, Ermənistan tərəfinin atəşkəsi kobud şəkildə pozmasından və bizim ölkə olaraq, səbrimizin tükənməsindən başladı.

Xocalı soyqırımının və tarixə nəzər saldıqda, ən çox mülki insanlara maddi-mənəvi təcavüz edən, hücum edən ermənilər hələ də öz mundar xislətlərindədir.

Beləki, artıq ikinci dəfədir, Azərbaycanın tarix boyu ən yaxşı strateji əhəmiyyətli və böyük şəhərlərindən olan Gəncə şəhəri, ən doğrusu onun mülki əhalisi erməni terrorizminə məruz qalır.

17 Oktyabr gecə 01:00 saatlarından etibarən, Gəncə şəhərinə ikinci dəfə və 2 dəfə insanların yatdığı bir saatda, Ermənistan 2 raket ilə əhalinin dincliyinə əsrlərlə keçməyəcək, nəsillərdən, nəsillərə ötürüləcək mənəvi zərbələr, mənəvi travmalar bəxş etdilər.

Yaralanan və ölənlər içərisində körpə, məktəbəqədər, yeniyetmə, yəni hər yaşda, hər dövrdə uşaqlar vardı…

Hər birimiz uşaq olmuşuq və hər birimizin uşaqlıq travmaları vardır. Təsəvvür edin, uşaqsız, yatmısız, hətta gözəl yuxular görürsünüz. Birdən, buuuuum! Gurultulu səs, qaranlığa qırmızılıq qarışıb, yenidən qaranlıqlar alır hər tərəfi, uğultu səslər, bir anlıq yarı itirilmiş huş, qırıq-qırıq eşidilən insan hayqırışları…

Uşaq da olsan, böyük də olsan, sevdiklərini itirmək, itirmək qorxusu, görülən faciəvi mənzərə…

Düşünürəm, uşaqlar bu hadisələri dərk etdikcə psixologiyaları nə halda olacaq? Öhdəsindən gələ biləcəklərmi? Onlara dəstək olan, anlayan, sevgi verən, valideynləri olacaqmı?

Bunları yaşamış uşaqlar həyata hansı psixologiya ilə davam edəcək? Bəlkə gələcəyin ən fədakar, ən lazımlı adamları olacaq, bəlkə gələcəyin ən təhlükəli qisascıl terrorçuları…

Hələ böyük insanlar… Onlar həyatlarına olduqları yerdən davam edə biləcəklərmi? Ümumiyyətlə, artıq onlar yaşamağa necə davam edəcək? Övladını, yoldaşını itirmiş insanlar həyatlarına necə davam edə bilər? Əlbəttə, həyatda hər yara qabar bağlayır, amma heç nə unudulmur.

Övlad yarası da elə bir yaradır ki… Nə qədər sarıyırsan, sarı, qanayır. Bəs yetim qalmaq nə deməkdir? Bir uşağın yaşaya biləcəyi ən dəhşətli faciələrdən biri… Bir ömür doldurula bilməyəcək bir boşluq…

Dünyada travmaları olan milyardlarla insanlar var ikən, yeni travmaları olan balaca və böyük insanlara ermənilər sayəsində ” Xoş gəldiniz ” deyin…

Bənövşə Mahmudqızı