Xəyanət “trendi”: kişidə mentalitet, qadında “çətir” axtarışı

0
159

Son illər gənclərin bir-birinə xəyanət etmələri adi hala çevrilib. Sevərək evlənən cütlüklərin belə bir müddət sonra xəyanət səbəbindən ayrıldıqlarının şahidi oluruq. Hətta 10, 15, 20 və ya 30 il ailəli olan şəxslər belə xəyanətə görə ayrılırlar.

Bunun kökündə nə dayanır?   

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında sevərək və ya sevmərək evlənən qadın və kişinin bir-birinə xəyanət etməsinin  kökündə inamsızlığın olduğunu bildirib:

“Psixoloji problemlər mühüm rol oynayır. İlk gündən bir-birinə qarşı etimazsızlıq, inamsızlıq, məsuliyyətsizlik, ətraf mühitin təsiri, müdaxilələr kifayət qədər öz təsirini göstərir. Həmçinin, sosial şəbəkələr, ailə münasibətləri, çevrədə  müəyyən təsirə malikdir. Elm və texnika o qədər inkişaf edib ki, təkcə sosial şəbəkə ilə deyil, başqa vasitələrlə də bu proseslər həyata keçirilir.

Ümumiyyətlə, cəmiyyətdə bu prosesin özü hansısa formada dəstəklənir. Əvvəlki illərə baxanda indi ümumi qınaq yoxdur.  Ailə münasibətlərində bir-birinə dəstək yoxdur. Kifayət qədər qadınların irəli çəkilməsi üçün stilmullaşdırıcı mesajlar olsa, bunlar olmaz. Amma indi qadınların təhsili və peşəsi yoxdur.

Bir çox hallarda belə təhsildən yayınmalar var. Bu səbəbdən qadın ən yaxşısını axtarmağa başlayır ki, öz iqtisadi vəziyyətini düzəltsin. Bunun kökündə iqtisadi amil dayanır. Çünki qadın özünün güclənməsini yox, bir çətirin altından başqa çətirlərin altına keçidi əsas götürür.

Məsələn, müəyyən ilə qədər atanın, sonra isə ərin çətiri olur. Daha sonra isə ərin çətirinin onu yaxşı müdafiə eləmədiyini görür. Qadınlar öz gücünü artırmaq, öz ayaqları üstündə dayanmaq üçün daha asan, tez və əlverişli mühit axtarışına çıxır. Burada da özünü təsdiq etməyin yeni tendensiyası gündəmə gəlir. Özlərini bu yolla təsdiq etdiklərini göstərirlər. Amma neqativ təsdiq formasıdır. Hər ikisində bu, psixoloji amildir”.

Mehriban Zeynalova hesab edir ki, kişilərin xəyanəti həmişə olub və hamı buna ənənəvi bir hal kimi baxır:

“Qadınları daha çox qınayırlar. Hesab edilir ki, kişi orqanizmi bu rəngarəngliyə alışıb və belə də olmalıdır. Bu, norma və qaydadır. Yəni kişinin xəyanəti mentalitet hesab olunur.

Bu cür mesajlar xəyanət üçün kifayət qədər dəstək verir. Bəzən qadınların özləri deyir ki, mənim xoruzumun başqa damda banlaması fərq eləməz. Əsas evə gəlməyidir. İllərlə, əsrlərlə bu fikirlərə dəstək verilib. Amma indi bir az sosial ruhlar dəyişib. İndi xanınlar öz həyatlarına bu formada rəng qatırlar. Qadınlarda bu daha çox özünütəsdiq və psixoloji amillə bağlıdır”.

Birliyin sədri xeyli gizli və yaxşı örtüyə bürünən xəyanətlərin olduğunu vurğulayıb:

“Hətta ailə içərisində həm qadın, həm də kişi xəyanət edə bilər. Amma heç kəs onu duymaz. Bu, şəxsin özünün ikili həyatının nə dərəcədə yaxşı formalaşdırmasından asılıdır”.

Sevinc Yasinqızı 

istinad:oxu.az