“Yaralı idik, indi ayağa qalxa bilmişik” – Roberto Bordin

0
163

 “Bütün futbolçularımı təbrik edirəm. Bu gün oyuna çox düzgün yanaşdılar. Qələbə seriyasını davam etdirmək lazım idi. Qələbə turnir cədvəli baxımından da əhəmiyyətli idi”.

Terefsiz.az saytı xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 8-ci turunda “Zirə”yə qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında deyib.

– Bütün futbolçular ilk dəqiqələrdən sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da uğurlu qoşuldu. Təəssüflənirəm ki, Platellas və Rauf 100 faizlik epizodlarda fərqlənə bilmədilər. Onlar da qol vurmağa layiq idilər. Birinci qoldan sonra oyunu bitirmək üçün irəli atıldıq ki, ikinci dəfə fərqlənək. Risk etdik və qol buraxa da bilərdik. Ancaq ikinci qoldan sonra rəqib açılmağa başladı və bu, bizim işimizə yaradı, qol vurmaq üçün epizodlarımız yarandı.

– Yaxşı nəticə qazansanız da, xeyli qol imkanlarından istifadə edə bilmədiniz.

– Əsas odur ki, təhlükəli məqamlar yarada bilirdik. İkinci qoldan sonra futbolçuların bəziləri asan qollar vura bilərdi, ancaq qeyri-adi şeylər axtarırdılar. Hesab böyüyəndən sonra konsentrasiya yoxluğu yarana bilər. Başqa problem yoxdur.

– Rauf Əliyevdən istədiyinizi ala bilirsinizmi?

– Oynadığı müddətdə etdikləri məni qane etdi. Qol vura da bilərdi. Yalnız buna görə üzülürəm ki, fərqlənə bilmədi. Ona yalnız qol çatmadı.

– Ardıcıl 3 qələbə “Neftçi”nin yaralarının neçə faizini sağaldıb?

– Faizi deyə bilmərəm. Sadəcə, son 3 qələbəni baza kimi düşünmək və irəli addımlar atmağımızı istəyərəm. Əvvəl yaralı idik, indi ayağa qalxa bilmişik.

– Gerye və Mustivarın oynamaması milli komandanın heyətindən qayıtmaları ilə bağlı idi?

– Hər iki oyunçu yığmada kifayət qədər oynadı və uzun yol gəldilər. İki gün əvvəl komandaya qoşuldular və yalnız bir məşq edə bildilər. Ona görə də riskə yol vermək istəmədik.

– “Neftçi”nin çempionluğu üçün əsas rəqibiniz “Qarabağ”ın uğursuzluğunu arzulayırsızmı?

– Biz hər gün yalnız öz oyunumuzu düşünürük. Rəqib barədə fikirləşmirik. Hər matçda qələbə qazanmaq istəyirik. Rəqiblərin xal itirməsinin əhəmiyyəti yoxdur. Öz evimizin içinə baxmalıyıq, başqa komandalarda nə baş verdiyinə fikir verməməliyik.

İstinad: qol.az

 

Terefsiz.az