“Yaşıl Marafon 2023” ağacəkmə kampaniyasına start verilib

0
75

Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakıda “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) 2023-cü il yaz mövsümü üzrə ilk ağacəkmə aksiyası keçirilib.

“Terefsiz.az” xəbər verir ki, ağacəkmə aksiyası zamanı Bakının Xətai rayonunda yerləşən “Gənclik” parkında Yaponiya dövləti tərəfindən Azərbaycana hədiyyə edilmiş sakura ağaclarından ibarət bağ salınıb. Azərbaycan və Yaponiya arasında dostluq rəmzi olaraq əkilmiş həmin sakura ağaclarının çiçəklənməsi ölkələrin inkişafı, onların dostluq və həmrəylik rəmzi olacaq. Eyni zamanda, aksiya zamanı könüllülərin iştirakı ilə parkda qurumuş ağacların əvəzinə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun yeni şam ağacları əkilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümlərində kütləvi ağacəkmə aksiyaları təşkil olunur.

Kampaniyanın əsas məqsədi yaşıllıq sahələrinin artırılmasına, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, eyni zamanda, yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işinə töhfə verməkdir.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə fəal iştirak etməyə çağırır.

terefsiz.az