Yeni təhsil naziri: “Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur”

0
375

“Bizdə məktəb hələ də kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır”.

Terefsiz.az azedu.az-a istinadən xatırladır ki, bu ilin fevral ayında Təhsil Nazirliyinin aparatının əməkdaşları, yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən “Təhsildə keyfiyyətin təminatı”na dair müşavirədə o vaxt Təhsil İnstitutunun direktoru işləyən Emin Əmrullayev maraqlı çıxışlarla yadda qalıb.

O, orta ümumtəhsil müəssisələrinin bu şəkildə rəsmiləşməsində hər hansı fayda görmədiyini bildirib:

“Bizdə hələ də məktəb kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır. Lazım gəlsə, müəllim şagirdin öyrənməsi üçün hər şey etməlidir. Onun gözəl geyinib özünü məmur, siyasətçi kimi aparmasında heç bir fayda yoxdur. Fikrimcə bu, direktor və Rayon Təhsil Şöbələrinin müdirlərinə də aiddir.  Bölgələrdə olanda da bunun şahidi oluram, rəsmiyyət, formallıq həddən artıq çoxdur. Bunun nə həmin şəxslərə, nə onlarla ünsiyyətdə olanlara, nə də təhsilin keyfiyyətinə heç bir faydası yoxdur. Sadəcə bu cür qəbul olunub: “Belə etməsək, ayıb olar”. Məncə bu, ayıb deyil. Amma rəqəmlərdə üz – üzə qalmaq daha ayıb reallıqdır”.

Emin Əmrullayev təhsildə keyfiyyət təminatından bəhs edərkən aşağıdakı məsələlərə toxunub:

“Nə istəyirik? Bunun üçün bizə hansı alətlər lazımdır? Bunlar çox əsasdır. Vasitələr həmin hədəflərə uyğun seçilib, düzgün, yerində istifadə edilsə, əminəm ki, nəticə verəcək. Çünki burada mürəkkəb bir problem yoxdur. Bunun üçün böyük bir bacarıq da tələb olunmur. Sadəcə istək və düzgün yanaşma kifayətdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Emin Əmrullayev təhsil naziri təyin edilib.