Zakir Qurbanov və şeirləri

0
482

SƏNİ TEZ UNUTDULAR…
ZƏHRA

(Balaca şəhid Zəhra üçün)

Bax ürəyin xal yerindən,
Yarasının al yerindən,
Körpə dilin lal yerindən,
Bir misra çək, bir misra çək.

Vətən, düşüb daş başına,
Qar tez yağır yaddaşına.
Qələm batır göz yaşına,
Bir səhra çək, bir səhra çək.

Bir layla sərin üstünə,
Bu körpə qəbrin üstünə.
Allah, öz səbrin üstünə
Bir Zəhra çək, bir Zəhra çək.

 

UZAT ƏLLƏRİNİ

Götür bu qərib könlümü,
Bağışlayım sənə, getsin.
Çıxım gözünün seyrinə,
Neçə-neçə sənə getsin.

Yanağını əzbərləyim,
Öpüş-öpüş, dodaq-dodaq.
Bir mən olum qiyamətdə,
Bir sən, bir də tənha otaq…

Sətir-sətir döyür qələm,
Hər gün bəxtin qapısını,
İnan, çoxdan itirmişəm,
Mən bu vaxtın qapısını.

Xəyalımdan kölgən düşür,
Sinəmdə sözün üstünə.
Həsrətdən çəkdiyim ahı,
Qoyuram gözün üstünə.

Ürəyimi kirpiyindən,
Nə vaxtdı asıb qalmışam.
Uzat mənə əllərini
Gözündə azıb qalmışam.

 

QÜRBƏT KÖYNƏYİ

Oxsa bu dərdin saçını,
Körpə, dəcəl balan kimi.
Pıçılda öz qulağına,
Doğruları yalan kimi.

Qeyrət də çırpıb qapını,
Adını süpürüb, gedib.
Nə yaxşı ki, son gedişdə
Üzünə tüpürüb, gedib.

Havalar ta istiləşir,
Çıxar olmayan papağı.
Birdən səni kişi bilib,
Soruşarlar Qarabağı…

Ömrü Ağdam şərabıtək,
Bala-bala çək başına.
Təsəlli ver öz-özünə:
“Mən neyləyim tək başına?!.

Əynimdə qürbət köynəyi,
Hər gün təzələnir, oğul.
Şairlər öz dərdi ilə,
Belə məzələnir, oğul.

Müəllif: Zakir Qurbanov